“Antalyadakı təlim-məşq toplanışında məqsədyönlü şəkildə çalışdıq. Burada gözəl şəraitdə hazırlaşdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis Antalya toplanışının yekunları barədə fikirlərini açıqlayıb.
Syomin klubun rəsmi saytına açıqlamasında komandanın hazırlığından razı qaldığını, yoxlama oyunlarında futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib. Mütəxəssis onu narahat edən amillərə də toxunub: “Yoxlama oyunlarından yalnız son olaraq planlaşdırdığımız Moskva “Torpedo”su ilə matç baş tutmadı ki, bu da hava şəraiti üzündən oldu. Fikrimcə, sınaq matçlarında ümumilikdə yaxşı təsir bağışladıq. Bu oyunlarda yetirmələrimdən narazı qalmadım. Məni əsas narahat edən aparıcı futbolçularımız Lorenso Ebesilio ilə Daniel Subotiçin zədəli olmalarıdır. Ebesilionun yaxın vaxtda tam sağalıb, bizə kömək edəcəyini gözləyirik. Subotiç əsas heyət oyunçularımızdan olsa da, digər hücumçularımız hazırda pis formada deyillər. Qış fasiləsində çox transfer etməyərək, müdafiəni gücləndirdik. Yeni futbolçularımızdan razı qaldım. Biz ikinci dövrədə ilk dövrədən çox xal topladıq. Bu templə davam edə bilsək, çempionatda ən yüksək yerlərə iddia edəcəyik”.