“Arsenal”ın baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasındakı çempionluq yarışı ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan fransalı mütəxəssis “Mançester Siti”nin son turda evdə “Çelsi”yə məğlub olaraq (0:1) liderliyini qoruya bilməməsini dəyərləndirib.
Venger “Şəhərlilər”in həmin matçda yorğun olduqlarını deyib: “Çelsi” oyun ərzində həmişə güclü göründü. “Mançester Siti” isə bir az yorğun idi. Onlar “Tottenhem”i 5:1 məğlub etdikləri oyundakı kimi güclü deyildilər, amma hesabı 1:1-ə gətirə bilərdilər. Bu yarışda heç kim nə olacağını indidən dəqiq deyə bilməz. Çempionluq yarışı insanların düşündüyü qədər asan bir şey deyil”.
Qeyd edək ki, Premyer Liqanın XXIV turu çərçivəsində keçirilən qarşılaşmada “Mançester Siti” evdə “Çelsi”yə 0:1 hesabı ilə məğlub olaraq 2-ci pilləyə gerilədi. “Arsenal” isə 2 xal fərqlə birinci yerə yüksəldi.