“Rizəspor”un mətbuat xidmətinin rəhbəri Aykut Ferah komandanın sabiq çalışdırıcısı, hazırda “Xəzər Lənkəran”a rəhbərlik edən Mustafa Dənizli barəsində maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan Ferah klub prezidenti Mətin Kalkavanın Dənizli ilə bağlı dediklərinin səhv başa düşüldüyünü bildirib:
“Mustafa Dənizli bəzi mətbuat orqanlarında yazıldığı kimi göndərilməyib, əksinə klub prezidentimiz Mətin Kalkavan ilə qarşılıqlı dəyərləndirmə, fikir birliyi və razılıq əsasında müqaviləsi ləğv olunmuşdu. Nəticədə bir uğur olsa belə, maliyyə dsiplininə uyğun gəlməyən, klubun gəlirlərinə mənfi təsir göstərəcək layihəni həyata keçirmək klubun gələcəyi üçün böyük riskdir”.
Klub rəsmisi Dənizlinin ayrılması ilə bağlı məsələlərin düzgün dəyərləndirilməsinin, işıqlandırılmasının daha yaxşı olacağını deyərək, təcrübəli çalışdırıcıya “Rizəspor”da etdikləri üçün təşəkkür edib: “Vəzifədə olduğu müddət ərzində klubumuza böyük xidmətləri olan Dənizliyə bir daha təşəkkür edirik. Dənizli “Rizəspor” camiəsində önəmli yeri var və klubumuzun bir parçasıdır”.
Qeyd edək ki, türkiyəli mütəxəssis ötən mövsüm komandanı I diviziondan Superliqaya çıxartsa da, transfer büdcəsi ilə bağlı rəhbərliklə fikir ayrılığı yaşadığı üçün vəzifəsindən ayrılmışdı.