[b]“Dnepr” rəsmisi: “Qarabağ”la oynamaq asan olmayacaq[/b]
30.08.2014 - 12:42
[b]“Dnepr” rəsmisi: “Qarabağ”la oynamaq asan olmayacaq[/b]

“Hesab edirəm ki, qrupumuz çox çətindir”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın “Dnepr” klubunun baş direktoru Andrey Stetsenko deyib.

“Dnepr” rəsmisi Avroliqanın F qrupunu dəyərləndirib. O, “İnter”in qrup oyunları zamanı ikinci heyətlə meydana çıxacağını istisna etməyib: “İnter” Avropanın top klubudur, A Seriyasının liderlərindən biridir. Onlara qarşı oynamaq həmişə çətindir. Düzdür, istisna deyil ki, italyanlar turnirə xüsusi əhəmiyyət verməyəcək və ikinci heyətlə çıxış edəcəklər. Ancaq bu da bizə çox kömək etməyəcək. Fransız klublarına qarşı “Dnepr”in oyunları həmişə çətin alınıb və nəticələrimiz uğursuz olub”.

Stetsenko “Qarabağ”la oyunların isə asan keçməyəcəyi qənaətindədir: “Qarabağ”a gəlincə, düzünü desəm, bu komandanı heç tanımıram. Ancaq son vaxtlar Azərbaycanda klub futbolu yüksəlişdədir. Onların Avroliqanın qrup mərhələsinə düşməsi də bunu göstərir. Fikrimcə, onlarla da oynamaq asan olmayacaq. İstənilən halda payızda növbəti mərhələyə çıxmaq üçün mübarizə aparacağıq”.

Braziliyalı hücumçu Mateus və Ukrayna yığmasının yarımmüdafiəçisi Yevgeni Konoplyankanın ardından kapitan Ruslan Rotan da ağır zədə alıb. 32 yaşlı yarımmüdafiəçisi 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu isə o deməkdir ki, Rotan “Dnepr”in “İnter”lə ev oyununda meydanda olmayacaq.

Dnepropetrovsk klubunun baş direktoru bu üzdən icarədə olan oyunçularını geri çağıra biləcəklərini qeyd edib: “Dəqiq yeni transfer etməyəcəyik. İstisna deyil ki, bizim oyunçulardan icarə əsasında çıxış edənlərdən hansılarınısa qaytaraq. Ancaq buna baş məşqçi qərar verəcək”.

Qeyd edək ki, Aleksandr Svatok, Aleksandr Kobaxidze, Valeri Fedorçuk, Ruslan Babenko, Yevgeni Boxaşvili “Volın”da, Gennadi və Yevgeni Pasiç əkizləri isə “Neftyanik-Ukrneft” klublarında icarə əsasında çıxış edirlər.