“Dnepr”ə 2 qol vuran azərbaycanlı: ...“Qarabağ” Kiyevdən xalla qayıdacaq
23.10.2014 - 17:00
“Dnepr”ə 2 qol vuran azərbaycanlı: ...“Qarabağ” Kiyevdən xalla qayıdacaq

“Ukrayna futbolu bütün dövrlərdə Azərbaycanla müqayisədə güclü olub. “Dnepr” də “Qarabağ” üçün güclü rəqibdi. Hazırda çempionatın lideridi. Bu səbəbdən komandamız üçün ağır olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin U -19 komandasının baş məşqçisi Samir Əliyev deyib.

 

Avroliqanın qrup mərhələsinin III turunda bu gün baş tutacaq “Dnepr” – “Qarabağ” matçından danışan Əliyevin fikrincə, təmsilçimizin də gücünü kiçiltmək lazım deyil: “Çünki “Qarabağ” “Tvente” kimi komandanı pley-offda mübarizədən kənarlaşdırıb. Təsnifat mərhələlərində yaxşı çıxış etdi. Ona görə də asan təslim olmayacaqlar. Komandamızı çox ağır oyun gözləyir. Həm də bu matç Avroliqada növbəti mərhələyə çıxmaq baxımından “Qarabağ” üçün önəmlidi. Biz hamımız bu oyunu səbirsizliklə gözləyirik. ”

 

2002-2003-cü illərdə Ukraynanın “Volın” klubunda oynamış Əliyev həmin illəri xatırlayaraq “Dnepr”in daim güclü  komanda olduğunu bildirib: “Mən 2002-2003-cü illərdə “Volın” da oynayarkən “Dnepr”in yaxşı komanda olduğunu bilirdim. Onlar, bir də “Metallist” “Dinamo” və “Şaxtyor”dan sonra ölkənin ən güclüləri sayılırdılar. Bu ölkənin çempionatı həmişə bizdən qat-qat güclü olub. Həm təşkilati baxımdan, həm komandaların gücünə görə. Kimsə Ukrayna Premyer Liqasının zəif sayırsa, səhv düşünür. “Dnepr”ə 2002-2003-cü illər mövsümündə 5:2 hesabı ilə qalib gəldiyimiz oyunda 2 qol vurmuşdum. Həmin vaxtları yaxşı xatırlayıram. İndi də Dnepropetrovsk təmsilçisinin Kiyevdə oynaması da onlar üçün problem olmayacaq. Çünki harda olsa, ukraynalılar komandalarına dəstək verəcəklər. Sadəcə, ümid edirik ki, “Qarabağ” Kiyevdən xalla qayıdacaq”.  

0