“Eddi İsrafilovun oyununu görməmişəm. Amma İspaniya çempionatında çıxış etməsi onun üstünlüyüdü”. Bu sözləri apasport.az saytına açıqlamasında təcrübəli mütəxəssis Ağasəlim Mircavadov deyib.
Məşqçilər Komitəsinin üzvü Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilov haqda fikirlərini bölüşüb. Mircavadova görə, yığmanın yarımmüdafiə xəttində yeni oyunçuya ehtiyac var idi: “Belə baxanda, millidə bütün mövqelər gücləndirilməlidi. Xüsusilə, orta xətdə ağırlıq var. Ora yeni nəfəs lazım idi. Ancaq Eddinin həmin ağırlığı qaldırıb-qaldırmayacağını deyə bilmərəm. İştirak etdiyi 1-2 oyundan sonra bu, bəlli olacaq. Belə baxanda, İspaniyada çox futbolçu oynayır və onların əksəriyyəti öz ölkələrinin milli komandasında oynamırlar. Amma yenə də La Liqa klubunda çıxış etməsi onun vizit kartıdı”.
Qeyd edək ki, anası azərbaycanlı olan Eddi İsrafilov icarə əsasında “Qranada”da çıxış edir. 22 yaşlı yarımmüdafiəçinin transfer hüququ isə “Mursiya” klubuna məxsusdu.
Tengiz MƏMMƏDOV