“Həmin epizodda rəqibin qolkiperi Ruslan Məcidovu görmədim və topu qapıya vurdum”. Bunu apasport.az saytına açıqlamasında Topaz Premyer Liqasının XXXV turunda AZAL-la oyunda (1:0) “Bakı”nın mübahisəli qolunun müəllifi olan Aleksandr Şoliç deyib.
Xorvatiyalı futbolçu rəqib komandanın qapıçısının yerdə qaldığına diqqət etmədiyini bildirib: “Əgər qapıçının yerdə qaldığını görsəydim, topu saxlayardım. Amma görmədim və qol vurdum. Çünki bütün diqqətim komanda yoldaşım Namiq Ələsgərovda idi. Ondan ötürmə gözləyirdim. Düşünmürəm ki, biz burda “Fair Play”i pozmuşuq”.
Şoliç AZAL-ın müdafiəçisi Aleksandr Şemonayevin ona ədəbsiz jest etməsinə də münasibət bildirib: “Mən belə şeylərə fikir vermirəm. Ədəbsiz jest etmək, insanın aldığı tərbiyədən asılıdır. Peşəkar futbolçu özünü ələ almağı bacarmalıdır və belə şeylər etməməlidir. Saşa qeyri-peşəkarcasına davrandı. Mən bu barədə Con Oluremi ilə söhbət etdim və o, məni başa düşdü”.