“Əvəzedici heyətdə öz istəyimlə forma geyinmişəm”
18.02.2014 - 15:11
“Əvəzedici heyətdə öz istəyimlə forma geyinmişəm”

“Əvəzedici heyətdə öz istəyimlə forma geyinmişəm”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun hücumçusu Bahodir Nasimov deyib.

 

Bu gün Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında XXII turun oyunları keçirilib. “Neftçi” ilə “İnter”in duelində qapılara 8 qol vurulsa da, qalib müəyyənləşməyib – 4:4.

 

Premyer Liqanın son 2 turda qələbə qazana bilməyən “Neftçi”nin əsas heyətinin bəzi üzvləri də bu görüşdə iştirak ediblər. Konkret olaraq, Bahodir Nasimov və Cavid İmamverdiyev əvəzedicilərə köməklik göstəriblər: “Əsas heyətdə ehtiyatda oturmaqdansa, əvəzedici komandada meydana çıxmaq yaxşıdır. Oyun praktikamı itirməmək üçün buna məcburam. Baş məşqçi şans verəndən sonra əsas heyətə dönəcəyəm”.

 

Qeyd edək ki, cəzalı durumda olan Mahir Şükürov, Bruno Bertuççi və Karlos Kordosonun da əvəzedici komandanın heyətində meydana çıxacaqları gözlənilirdi. Lakin sözügedən futbolçular “Neftçi” – “İnter” qarşılaşmasında iştirak etməyiblər.