“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının apasport.az saytına müsahibəsi
- Milli komanda hazırda Antalyada təlim-məşq toplanışındadı. Zədələnməsəydiniz, bəlkə də, siz də hazırda yığmanın düşərgəsində olardınız...
- Çox istəyərdim ki, yeni baş məşqçinin rəhbərliyi altında milli komandanın ilk təlim-məşq toplanışında iştirak edim. Seleksiya xarakterli toplanış olduğundan, hər kəs özünü göstərməyə çalışacaq. Ümumiyyətlə, yığmada olmaq hər kəsin arzusudu. Amma təəssüf ki, zədəli oldum. Bununla belə, həvəsdən düşmürəm. Mənim hələ cəmi 22 yaşım var. İnanıram ki, yığmaya düşmək imkanım olacaq. Bunun üçün isə ilk növbədə klubumda müntəzəm oynamalı və öz üzərimdə işləməliyəm.
- Ancaq etiraf edin ki, bu, hazırda heç də asan görünmür. Çünki “Xəzər Lənkəran”ın qapısını Vyekoslav Tomiç qoruyur. Həmkarınızın çıxışı barədə nə deyə bilərsiniz?
- Həqiqətən də, işim çox çətin olacaq. Çünki Tomiç çoxdandı “Xəzər Lənkəran”dadı və hazırda burdakı ən yaxşı dövrünü keçirir. Onun komandaya verdiyi xeyir göz önündədi. Oyunlarda təcrübəsindən yaxşı istifadə edə bilir. Digər tərəfdən düşünürəm ki, bu amil mənim daha sürətli inkişafıma təkan olacaq.
- Tomiçi əsas heyətdən sıxışdıra biləcəksinizmi?
- Gərgin rəqabətə hazıram. İndiki vəziyyətdə Tomiçlə rəqabət aparmaq mənim yalnız xeyrimə işləyəcək. Tam hazır olduqdan sonra da məşqlərdə var qüvvəmlə çalışacağam ki, əsas heyətə düşə bilim.
- Tomiç sizdən 10 yaş böyükdü. Ondan məsləhətlər alırsınızmı?
- Əlbəttə. Tomiçdən təkcə meydanda bir futbolçu kimi yox, həm də ondan kənarda bir insan kimi nəsə öyrənməyə çalışıram. O, çox böyük təcrübəyə malikdi. Türkiyə Superliqasında oynamış qapıçıdı. Həmişə mənim qapıda dayandığım oyunlardan sonra bir yerə yığışıb məsləhətləşirik, mənə harda nə etməli olduğumu deyir. Ümumiyyətlə, məşqlərdən sonra o, digər qapıçımız Tərlan (Tərlan Qasımzadə - R.S.) və qapıçılar üzrə məşqçimiz Vidadi Hüseynovla söhbətlər aparırıq. Tomiç də onda öz məsləhətlərini verir. Bir gənc qapıçı kimi, onun təcrübəsindən faydalanmağa çalışıram.
- Qış fasiləsindən sonra “Xəzər Lənkəran”da köklü islahat oldu. Sizcə, əvvəlki heyət qalsaydı, komanda medallar uğrunda mübarizə apara bilməzdi?
- Azərbaycanın ən tanınmış futbolçuları mövsümün ilk yarısında bizim komandada idi. Yaxşı əcnəbilərimiz də var idi. Amma komanda uğursuz çıxış etdi. Buna səbəb fərdi səhvlərin çox olması idi. Əvvəlki heyətlə 4-cü yeri tutmaqdansa, gənclərlə oynamaq daha yaxşıdı. Belədə klubumuz ən azı 1-2 gənc futbolçunu Azərbaycan futboluna qazandırmış olacaq.
Ruslan SADIQOV