“Fənərbaxça”nın futbolçusu: “Bakı” haqqında danışmaq istəmirəm
02.06.2014 - 14:10
“Fənərbaxça”nın futbolçusu: “Bakı” haqqında danışmaq istəmirəm

“Vətənim olan Azərbaycanda bir turnirin iştirakçısı olmaq çox xoş duyğudur. Çox təəssüf ki, finalda məğlub olmaqla qalib adını qazana bilmədik”. Bunu apasport.az saytına “Fənərbaxça”nın 15 yaşadək komandasının azərbaycanlı futbolçusu Amin Seyidov deyib.

Ölkəmizdə “Neftçi” və “Bakı”nın şərəfini qorumuş Seyidov ötən il “Fənərbaxça”nın seçim məşqlərinə qatılıb və bəyənilib. İstanbul klubu ilə 3 illik müqavilə bağlayan Seyidov ölkə mətbuatına verdiyi müsahibələrində “Bakı”dan, konkret olaraq klubun icraçı-direktoru Yaşar Seyidov və akademiyanın koordinatoru Yüksəl Kəpoğludan narazılığını bildirib.

Ancaq 15 yaşlı futbolçu ona “Bakı” tərəfindən problem yaradıldığını bildirir. Bu üzdən danışmaq istəmədiyini belə izah edib: “Mən Azərbaycana qayıtmaq istəyərəm. “Qəbələ” kimi klub olarsa, vətənimdə çıxış edərəm. “Bakı” haqqında isə danışmaq istəmirəm. Atama o müsahibədən sonra çoxlu zəng gəldi. Yalnız bir sözü deyə bilərəm. Düz söz acı olar”.

Qeyd edək ki, onun çıxış etdiyi “Fənərbaxça” dünən III Qəbələ Kubokunun finalında “Anderlext”ə 0:1 hesabı ilə uduzaraq turnirin gümüş medallarını əldə edib.
 

0