Adrian Skarlatake: Çernat Azərbaycanda ən səviyyəli legioner olacaq
23.01.2014 - 12:51
Adrian Skarlatake: Çernat Azərbaycanda ən səviyyəli legioner olacaq

“Florin Çernat mənimlə söhbət zamanı komandamızla maraqlandı. Mən də lazımi bilgiləri verib, ona komandamıza gəlməsini məsləhət görmüşəm”. Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın rumıniyalı futbolçusu Adrian Skarlatake deyib.

 

Türkiyə mətbuatı “Çaykur Rizəspor”un oyun qurucusu Florin Çernatın “ağ-yaşıllar”a keçəcəyini yazır. Yanvarın 14-də cənublularla yoxlama matçında (0:0) start heyətində meydana çıxmış futbolçunun Superliqa klubundan ayrılacağı bildirilir.

 

Mustafa Dənizlinin “Çaykur Rizəspor”a qazandırdığı futbolçu haqqında Skarlatakenin fikirlərini öyrəndik. Onun sözlərinə görə, həmyerlisini “Xəzər Lənkəran”a gətirmək çətin olacaq: “Bu məsələ mənim məsləhətim və ya köməkliyimlə həll olunacaq iş deyil. O, səviyyəli futbolçudur. Bizə qarşı oynayanda da gördük. Açığı, onu bura gətirmək çətin olacaq. Gəlsə, Azərbaycanda ən səviyyəli legioner olacaq. Çox istərdim ki, o, “Xəzər Lənkəran”a transfer olunsun. Lakin qərarı Florin özü verəcək”.

 

Qeyd edək ki, Çernatla Skarlatake Buxarest “Dinamo”sunun sabiq oyunçularıdır. Ancaq yaşca böyük olan Florin ölkəsinin tanınmış klubunda Adriandan daha əvvəl - 2000/01 mövsümündə çıxış edib.