“Berti Foqtsun ABŞ yığmasında müşavir olmasına sevindim. Düşünürəm ki, bu, lap əla oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin meneceri Oliver Birhoff deyib.
Hazırda yığmada çalışan futbol veteranı Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun yeni təyinatına münasibət bildirib. Birhoff Bundestimdə Foqtsun rəhbərliyi altında onunla birgə çıxış edən Yurgen Klinsmannın addımını dəstəkləyib. Menecer sabiq komanda yoldaşının baş məşqçisi olduğu ABŞ millisinə müşavir kimi Foqtsu çağırmasına müsbət yanaşır: “Bu, o deməkdir ki, Foqtsda yayda Braziliyada keçiriləcək dünya çempionatında olacaq. Bizim yığmanın ABŞ millisi ilə Resifi şəhərində keçirəcəyi oyunun da prinsipiallığı artır. Çünki iki həmyerlimiz Klinsmann və Foqtsun çalışdığı komandanı məğlub etməyin xüsusi dəyəri olacaq”.
Qeyd edək ki, Klinsmannla Birhoff son titulunu 1996-cı ildə qazanan Almaniya yığmasının heyətində Avropa çempionu olublar. Həmin komandaya isə Foqts başçılıq edib.