“Foqts təkcə məşqçi deyil, həm də böyük insandır” - MÜSAHİBƏ
17.01.2014 - 13:36
“Foqts təkcə məşqçi deyil, həm də böyük insandır” - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Cihan Özkara almaniyalı həmkarlarımızın suallarını cavablandırıb. Apasport.az saytı həmin müsahibəni təqdim edir.

- “Qızıl top”un qalibi Kriştianu Ronaldoya qarşı oynamısınız? Bu, çox həyəcanlı idi?
- Oyun ərəfəsində özümü pis hiss edirdim, qarnımda ağrı vardı. Lakin onunla bir meydanda olmaq böyük şərəfdir. Onun varlığı ab-havanı xüsusi edir. Lakin start fitindən sonra hərə öz işinə baxır.

- Ronaldo ilə birbaşa təmasınız oldu?
- Bəs necə! Standart vəziyyətlərdə ona mən tutmalı idim. Bu isə fiziki güc tələb edir.
Vəzifəm ona başla oynamaqda mane olmaq idi. Ronaldo fürsət düşən kimi, özünəməxsus driblinqlə irəli keçib, qol vurmağı bacaran oyunçudur. Düzdür, biz 0:3 hesabı ilə uduzduq. Ancaq Ronaldo qol vura bilmədi. Missiya yerinə yetirildi!

- 2013-cü il üçün “Qızıl top” səsverməsində Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Kriştianu Ronaldoya, kapitan Rəşad Sadıqov isə Frank Riberiyə üstünlük verib. Sizcə, kim düzgün seçim edib?
- Hər ikisi yüksək səviyyəli oyunçulardır. Ancaq bu dəfə Ronaldo layiq idi. Berti Foqtsla razılaşıram.

- Foqtsun özü də, vaxtilə dünya ulduzu olub. O, məşqçi kimi necədir?
- Foqts təkcə məşqçi deyil, həm də böyük insandır. Onunla işləməkdən həmişə qürur duyuram. Ona gör də, onun müqaviləsinin müddəti uzadıldığı üçün sevinirəm.