“Hamımız yatanda eyni yuxunu görürük” - MÜSAHİBƏ
21.01.2014 - 12:40
“Hamımız yatanda eyni yuxunu görürük” - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan millisinin üzvü Elnur Qəmbərov UEFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az xəbər verir ki, futzalçı yanvarın 28-də start götürəcək Avro-2014-ün final mərhələsi haqda fikirlərini açıqlayıb.

 

- Belçikada keçiriləcək yarışa hazırlığınız necə keçir?

- Hər şey yaxşıdır. Hazırlığın son mərhələsinə yanvarın 3-də start vermişdik. Gündə hər biri iki saat olmaqla, 2 məşq keçirik. Əsasən fiziki hazırlığa üstünlük veririk. Millidə 4 klubun – “Araz”, “Neftçi”, “Ekol” və “Fənərbaxça”nın oyunçuları yer alıb. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məşqlərimizin çoxunu izləyir. O,  daim komanda, hər hansı problemin olub-olmamağı ilə maraqlanır. Bizə isə yalnız Antverpendə öz oyunumuzu göstərmək qalır. Bizim millidə heç kimin yeri təmin olunmayıb. İstər yerli olsun, istərsə də milliləşən braziliyalı. Heyətə düşmək üçün rəqabət var.

 

- Antverpendə hədəfiniz nə olacaq?

- Məqsədimiz qrup qalibi olmaqdır. İkinci olmağa yol verə bilmərik. Çünki belə olan halda 1/4 finalda İspaniya ilə qarşılaşacağıq. Biz də erkən mərhələlərdə bundan qaçmaq istəyirik. 2010-cu ildəki nəticəni yaxşılaşdırmaq niyyətindəyik. Bu dəfə finala çıxmağı arzulayırıq. Bunun üçün əvvəl qrupda birinci olmalıyıq. Bu da asan olmayacaq. Təsəvvür edin ki, Sloveniya Portuqaliyaya qalib gəlib. Lakin bizim “Araz” da favoriti olmadığı qarşılaşmada bu ölkənin “Sportinq”ini məğlub edib, “Dördlər finalı”na yüksəlib.

 

- Milliniz və Azərbaycan futzalı haqda nə deyə bilərsiz?

- Yığma ətrafında əla ab-hava var. Bizim komanda böyük ailəni xatırladır. Legionerlərlə yerlilər arasında heç bir problem yoxdur. Bizim braziliyalılar 5 ildən artıqdır Bakıda yaşayırlar. Hamımız eyni qazandan yemək yeyir, yatanda eyni yuxunu görürük. Deyərdim ki, artıq legionerlərimiz də azərbaycanlıya çevrilib. Həm də milliləşən legionerlər təkcə bizim komandada deyil. Azərbaycan futzalının inkişafı da göz qabağındadır. Ölkədə futzal gündən günə yaxşılaşır və gənc oyunçular üzə çıxır.

 

- Yəqin ki, müəyyən çatışmazlıqlar da var...

- İlk növbədə daha güclü çempionata malik olmalıyıq. Həm də bu matçlara azarkeşlər də gəlməlidir. Ümid edirəm ki, “Dördlər finalı” futzala marağın artmasında rol oynayacaq. Azərbaycan futzalı inkişaf edir, amma müəyyən vaxt lazımdır. Komandamızda yaşlı oyunçuların çox olması haqda fikrə də münasibət bildirmək istəyirəm. Düşünürəm ki, Avro-2014-də nəticənin qazanılmasında təcrübənin rolu 95 faizdir. Biz də kifayət qədər təcrübəyə malikik. Güclü rəqiblə oynayanda sürətli olmaq deyil, oyun epizodlarına cəld və düzgün qərarlar qəbul etmək daha vacibdir.