“Həmin görüş mənim üçün də maraqlıdır” - MÜSAHİBƏ
21.01.2014 - 00:00
“Həmin görüş mənim üçün də maraqlıdır”  - MÜSAHİBƏ

 

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Antalyaspor” klubundan olan həmyaşıdları ilə qarşılaşıb. Millimizin 5:3 hesablı qələbəsindən sonra baş məşqçi Bernhard Lipper apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunla bağlı fikirlərinizi bilmək istərdik. Düşərgədə yeni futbolçular da var...

- Yalnız Taşkın İlteri əsas heyətin üzvü hesab etmək olar. Digərləri yenidir. Komandada 1994-cü və 95-ci il təvəllüdlü futbolçuların sayı çoxluq təşkil edir. Bunları nəzərə alsaq, yaxşı oynadıqlarını qeyd etməliyəm. Aydın məslədir, müəyyən çatışmazlıqlar var idi. Bu da oyunun istənilən səviyyədə keçməməyinə təsir etdi. Çünki futbolçuların əksəriyyəti aşağı yaşlılar idi. Hazırda düşərgəmizdə olan futbolçular arasından cari seçmə mərhələdə belə bizə kömək edə biləcək 2-3 oyunçu tapmaq mümkün olacaq.

 

- Heyəti yenilərdən qursanız da, qarşılaşma məhsuldar alındı. Bu nədən irəli gəlirdi?

- Məncə, hesabın bu güc məhsuldar alınması rəqibin daha zəif olmasından irəli gəlirdi.

 

- Yanvarın 21-də növbəti oyuna çıxacaqsınız və rəqib daha güclü komanda olacaq. Qazaxıstan U-21-i ilə keçiriləcək matç haqda nə düşünürsüz?

- Qarşıdakı oyunlarda eksperimentə üstünlük verməyəcəyik. Bu dəfə gücünə daha yaxşı bələd olduğumuz futbolçularla mübarizəyə qoşulacağıq. Qarşıdakı günlərdə bir neçə futbolçu komandaya qoşulacaq. Ancaq qeyd edim ki, toplanış seleksiya xarakterlidir. Buna görə də nəticələr elə də vacib deyil. Vacib olan futbolçuların seçilməsidir.

 

- Sinqapurun əsas millisi ilə də qarşılaşacaqsınız. Yenilərlə əvvəlki futbolçular bu oyunda sintez yarada biləcəkmi?

- Həmin oyun mənim üçün də maraqlıdır. Yaxşı hazırlaşdığımızı qeyd edə bilərəm.

 

- Dediniz ki, 2-3 futbolçu rəsmi oyunlarda komandaya kömək edə biləcək gücdədir. Həmin futbolçular hansı mövqeləri gücləndirəcək?

- İki nəfəri qeyd etsəm, onlardan biri qapıçı, digəri meydan oyunçusudur. Bundan artığını deməyə ehtiyac yoxdur.