“Oyunda qalib gəlmək üçün lazım olan mübarizəni, qələbə əzmini “Simurq” göstərdi. Buna görə də rəqibimizi qələbə ilə təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
Türkiyəli mütəxəssis Topaz Premyer Liqasının III turunun “Simurq”la qarşılaşması haqda fikirlərini açıqlayıb. Çətin 0:2 hesablı məğlubiyyətin səbəbini izah edib: “Bu cür komandaları məğlub etmək üçün onların göstərdiyi mübarizəyə qarşılıq vermək lazımdır. Təəssüf ki, bu gün rəqibə qarşılıq verə bilmədik, oyunumuzu oynaya bilmədik və məğlub olduq. Hər bir oyunçumun bu gün nə səviyyədə oyun göstərdiyini düşünməsi lazımdır. İlk iki turda 5 xal itirməyimiz də bizi müəyyən qədər basqı altında saxlayır. Ardından gələn “Simurq” məğlubiyyəti də təsirsiz ötüşməyəcək. Buna baxmayaraq, heyətimizdə peşəkar futbolçular var. Komanda olaraq toparlanıb, qarşıdakı “İnter”lə oyunda dönüş etməliyik. Ümid edirəm ki, növbəti oyunda komanda ruhumuzu ortaya qoyub mövsümün ilk qələbəsini qazanacağıq”.
“Simurq”un baş məşqçisi Georgi Çixradze də yetirmələrinin mübarizə aparmaq əzmindən danışıb: “Çox çətin oyun oldu. Qarşılaşma gərgin keçdi, komandalar əzmkar oyun göstərdi. Futbolçular sonadək mübarizə apardılar. Yaratdığımız qol imkanlarından maksimum faydalandıq. Daha bir neçə qol imkanımız oldu, təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Çox vacib 3 xal qazandıq”.
Mənbə: pfl.az