“İnter” “kiçik qardaş” önünə itkilərlə çıxacaq
24.02.2015 - 11:39
“İnter” “kiçik qardaş” önünə itkilərlə çıxacaq

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Simurq”u qəbul edəcək “İnter” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, “bankirlər” bu görüşə də itkilərlə çıxacaq.

 

Baş məşqçi Kaxaber Sxadadze “kiçik qardaş”la dueldə iki futbolçunun xidmətindən məhrum olacaq. Zədə ucbatından 2015-ci il girəndən yaşıl meydanlara həsrət qalan Abdulla Abatsiyev və Aleksandr Amisulaşvili yenə kənarda qalacaqlar. İkincidən fərqli olaraq, Abatsiyevin durumu nisbətən qənaətbəxşdi.

 

AZAL-la son matçda topuğundan xəsarət alan və birinci hissədə əvəzlənmək məcburiyyətində qalan Junior Nildonun isə durumu ciddi deyil. Artıq kollektivlə məşqlərdə iştirak edən braziliyalı hücumçu “Simurq”la görüşdə məşqçilər korpusunun ixtiyarında olacaq.

 

Qeyd edək ki, “İnter” – “Simurq” oyunu fevralın 28-də keçiriləcək.