[b]“İnter” daha bir legionerlə vidalaşır[/b]
13.05.2014 - 11:33
[b]“İnter” daha bir legionerlə vidalaşır[/b]

Mövsüm başa çatan kimi “İnter”dən ayrılacaq futbolçulardan daha birinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının gümüş mükafatçısı Brüs Abdulaye ilə  yollarını ayıracaq.

 

Daha doğrusu, konqolu mərkəz müdafiəçisi ilə yeni müqavilə bağlanmayacaq. Ölkəmizə gələnə kimi müdafiənin sağında çıxış etmiş 32 yaşlı futbolçunun komandadan ayrılmasına səbəb XXXIV turun “Qarabağ”la görüşündə (1:4) əvəzlənməsidir.

 

Brüs 68-ci dəqiqədə Kaxaber Sxadadzenin onu həmyerlisi Aleksandr İaşvili ilə əvəzləməsinə etiraz əlaməti olaraq birbaşa paltardəyişmə otağına yollanmışdı. Bu isə “onun qələminin sınması”na gətirib çıxarıb. Təsadüfi deyil ki, afrikalı futbolçu dünən “Qəbələ” ilə görüşün “18-liy”ində də yer almamışdı.

 

Qeyd edək ki, bu futbolçudan başqa, daha 4 oyunçunun “İnter”dən göndəriləcəyi dəqiqdir. Bunlar adı əsas komandada olan, ancaq heç əvəzedici komandada da çıxış etməyən Elhad Nəziri, braziliyalı Flavio Bek, Samir Zərgərov və çexiyalı İvo Taborskidir.