Türkiyə toplanışını başa vuraraq artıq vətənə qayıdan “İnter” qış fasiləsində ikinci transferini rəsmiləşdirəcək. Apasport.az saytının əldə etdiyi məlumata görə, “bankirlər” uzun müddətdir axtardığı müdafiənin mərkəzinə seçimi Yoan Bokonyanonun xeyrinə edib.
Qazaxıstanın “Aktobe” (1:1), Almaniyanın “Tsayts” (2:0) və “Arminiya” (2:2) klubları ilə yoxlama oyunlarında sınanılan Bokonyano bəyənilib. Hazırda əşyalarını götürmək üçün vətəni Fransaya qayıdan Yoan komandanın sabahdan Bakıda başlayan hazırlıqlara qatılacaq. Onunla sabah “1+1” şərti ilə müqavilə bağlanacaq.
Karyerası ərzində ölkəsində “Ayaçço”nun B komandası (2008/09), “Nim Olimpik” (2009-2011), “Qazelek” (2011-2013) klublarında çıxış edən Bokonyano bu ilin yayından Liqa 2-də mübarizə aparan “İstr”in uğurları üçün tər töküb. 23 yaşlı italyanmənşəli futbolçu 2009-cu ildə tanınmayan Korsika yığmasında da debüt edib.
Qeyd edək ki, buna qədər Premyer Liqamızda 2 Fransadan olan futbolçu çıxış edib. Bunlar 2010/11 mövsümündə “Bakı”da icarə əsasında çıxış etmiş mərkəz müdafiəçisi Stefan Borbikoni və hazırda “Qəbələ”də oynayan hücumçu Yannik Kamanandır.