2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə oyunlarıyla əlaqədar olaraq IV turdan sonra Premyer Liqada fasilə yaranıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avqustun 29-da “Xəzər Lənkəran”la oyundan sonra “İnter”in futbolçularına istirahət verilmişdi.
Bu gün komanda yenidən “İnter Arena” stadionuna toplaşıb və səhər məşqini keçib. Səhər məşqində millimizə dəvət almış Səlahət Ağayev, həmçinin U-21-ə çağırılmış Azər Salahlı və Fuad Bayramov iştirak etməyib. Bir müddətdir zədəsi üzündən məşq etməyən Mirzağa Hüseynpur isə fərdi proqramlar üzrə hazırlıqlara başlayıb.
Yeri gəlmişkən, çempionatda yaranmış fasilədən istifadə edərək “İnter” yoxlama matçı keçirməyi planlaşdırıb. Belə ki, sentyabrın 6-da Kaxaber Sxadadzenin yetirmələri “Sumqayıt”la oynayacaqlar. Qarşılaşma “Bakı” Futbol Klubunun təlim-məşq bazasında baş tutacaq. Yoxlama oyunu saat 18:00-da başlanacaq.
Qeyd edək ki, cari mövsümdə “İnter” və “Sumqayıt” komandaları arasında görüş Premyer Liqanın III turu çərçivəsində baş tutub. Həmin matç Bakı klubunun 5:1 hesablı qələbəsilə yekunlaşıb.