[b] “İnter” İsveçə doğru, “Qəbələ” möcüzə axtarışında[/b]
09.07.2014 - 11:40
[b] “İnter” İsveçə doğru, “Qəbələ” möcüzə axtarışında[/b]

Sabah Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, mübarizəyə ilkin mərhələdən başlayan Azərbaycan təmsilçiləri cavab matçında qüvvəsini sınayacaqlar.

 

Öncə meydana Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” çıxacaq.

Bakılılar “Şəfa”da Moldovanın “Tiraspol” klubunu qəbul edəcəklər. Səfərdə 3:2 hesabı ilə qalib gələn Kaxaber Sxadadzenin yetirmələri bu üstünlüyünü qorumağa çalışacaq. İlk matçdakı kimi, yenə cəzalı durumda olan mütəxəssisin özü isə texniki zonadan kənarda olacaq. Gürcüstanlı növbəti mərhələdə iş başında ola bilər. “İnter” Moldova səddini adlasa, II təsnifat mərhələsində İsveçin “Elfsborq” klubu ilə görüşəcək.

İlk matçda məğlub olan “Qəbələ”nin işi daha çətindi. Əyalət təmsilçisi debütantı olan yarışda mərhələ adlamaq üçün səfərdə ən azı 3 qol vurmalıdı ki, bu da möcüzə sayıla bilər.

Öz meydanında 0:2 hesabına üzülən Dorinel Muntyanunun yetirmələri iki cavabsız qol vursalar belə, bu, yalnız penaltilər seriyası üçün yetərli olacaq.
 

Qeyd edək ki, Avropa Liqasındakı digər təmsilçimiz “Neftçi” mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
10 iyul


21:00. “İnter” (Azərbaycan) – “Tiraspol” (Moldova)
Baş hakim: Marios Panayit (Kipr)
Bakı. “Şəfa” stadionu
İlk oyun – 3:2

23:30. “Şiroki Briyeq” (Bosniya və Hersoqovina) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Vladimir Vnuk (Slovakiya)
Şiroki Briyeq. “Petsara” stadionu
İlk oyun – 2:0