“Açığı, Antalyaya gələndən sonra Robert Prosineçkini görməmişəm. Amma bilirəm ki, Azərbaycan klublarının məşqlərini və oyunlarını izləyir. Üstəlik, köməkçiləri də gəlib, məşqlərimizə baxırlar. Bu, Prosineçki və heyətinin işgüzarlığından xəbər verir”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter”in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiç deyib.
Həmyerlisi olan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki haqda danışan Şpiçiç ona bəzi məlumatlar verdiyini əlavə edib: “Azərbaycan yığmasına yeni gələndə Bakıda onunla görüşdük. Həm “İnter”, həm də Azərbaycan futbolu ilə bağlı söhbət etdik. Prosineçkiyə bəzi məlumatlar verdim. İşinin icrasına hələ keçməsə də, indidən çalışır, informasiya toplayır. Məncə, federasiya rəhbərliyi millini Prosineçkiyə həvalə etməklə düzgün addım atdı. Onun rəhbərliyi altında Azərbaycan yığması daha yaxşı nəticə göstərəcək”.