“İnter”in rəqibi qələbəni əldən verdi
13.07.2015 - 08:10
“İnter”in rəqibi qələbəni əldən verdi

İslandiya çempionatında XI turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşacaq “Hafnarfyordur” da növbəti matçında qüvvəsini sınayıb.

 

Çempionatın lideri olan rəqibimiz öz meydanında “Filkir”lə qarşılaşıb. “Hafnarfyordur” ortababla oyunda xal itirib – 2:2.

 

İlk yarısı qolsuz başa çatan qarşılaşmanın ikinci hissəsinin əvvəlində qonaqlar hesabı açıb. 56-ci dəqiqədə Bodvar Bodvarsson bərabərlik qoluna imza atıb. Görüşün 90-cı dəqiqəsində Brinyar Asqeyr Qudmundsson meydan sahiblərini önə çıxarsa da, “Hafnarfyordur” uzatma dəqiqələrində buraxdığı qolla qələbəni əldən verib.

 

Qeyd edək ki, 11 oyundan sonra hesabında 24 xal olan “Hafnarfyordur” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “İnter”in rəqibi növbəti oyununu iyulun 20-də öz meydanında ən yaxın izləyicisi “Reykyavik”ə qarşı keçirəcək.