Bakı “İnter”inin futbolçusu Dieqo Madrqial klubun rəsmi saytına müsahibə verib. Apasport.az xəbər verir ki, Topaz Premyer Liqasının XXI turunun “Simurq”la oyununda debüt edib, qol hesabını açan kosta-rikalı legioner ilk matçı, yerli çempionat, Uinston Parksla söhbəti haqda danışıb.
- Debüt matçı üçün bundan yaxşı heç nə düşünmək olmaz: ilk toxunuş və ilk qol. Həmin an nə hiss etdiniz?
- Böyük xoşbəxtlik hiss etdim. İlk debüt matçın məhz belə alınmasına çox sevinirəm. Meydançaya çıxan zaman komandaya çox kömək etmək istəyirdim və çox şadam ki, buna nail oldum.
- Oyun çətin alındı. Komandaya qələbə qolunu vurmaq ancaq matçın 72-ci dəqiqəsində mümkün oldu. Debütünüz haqda daha nə demək istərdiniz?
- “Simurq” doğma divarlar arasında oynayırdı və bu amil onları qələbəyə daha çox kökləyirdi. Səmimi desəm, bu komanda yaxşı təsir bağışladı. Bizim oyunumuza gəldikdə isə deyə bilərəm ki, “İnter”ə 3 xal lazım idi. Komanda yoldaşlarım da bunu anlayırdılar və biz məqsədimizə çatdığımıza görə xoşbəxtik.
- “İnter”dəki karyeranızdan nə gözləyirsiniz?
- Bu komandaya keçməyimə görə şadam. “İnter”də özümü yaxşı tərəfdən göstərmək və bununla da komandaya fayda vermək istəyirəm. Burada bir neçə mövsüm oynamaq, “İnter”lə titullar qazanmaq və avrokuboklarda çıxış etmək əla olardı.
- Artıq bir neçə aydır Azərbaycandasınız. Ölkəmiz və paytaxt Bakı barədə nə deyə bilərsiniz?
- Ancaq yaxşı sözlər deyə bilərəm. Bakı-çox gözəl şəhərdir. Burada çox qonaqpərvər və mehriban insanlar yaşayırlar. Etiraf edim ki, mənə hələ Bakının gözəl yerlərini görmək müyəssər olmayıb, lakin tezliklə bunu edəcəyəm.
- Yeni komandaya uyğunlaşma prosesi necə keçdi?
- Komanda yoldaşlarım tez uyğunlaşmağıma yardım etdilər. Bütün futbolçularla yaxşı münasibətlərim var. Burada ispan dilli futbolçular var və bu da mənə tez uyğunlaşmağıma kömək etdi.
- Necə düşünürsünüz, “İnter” mövsümü mükafatçılar sırasında başa vura biləcəkmi?
- Hər şey mümkündür. Hazırda biz turnir cədvəlində 4-cü yerdəyik. Lakin bundan sonra da qalib gəlsək, o zaman liderlərə çata bilərik. Bunun üçün çox çalışmaq və yaxşı futbol nümayiş etdirmək lazımdır. Ümid edirəm ki, bunu etmək “İnter”ə müyəssər olacaq.
- Sizədək Azərbaycanda kosta-rikalı futbolçular oynayıblar. Onlar arasında ən tanınmışı Uinston Parks idi. Maraqlıdır, buraya gəlməmişdən öncə onunla məsləhətləşdiniz?
- Bəli, onunla danışdım. Zəng vurub, məni maraqlandıran məsələləri ondan soruşdum. Etiraf edim ki, o, ancaq yaxşı sözlər dedi. Uinston yerli çempionatı təriflədi, ölkə, Bakı şəhəri haqqında yaxşı danışdı. Bir sözlə, mənim buraya gəlməyimi məsləhət görən insanlardan biri oldu.
- Maraqlıdır, doğmalarınıza və dostlarınıza Azərbaycan haqqında nədən danışmağa macal tapdınız?
- Azərbaycana gələndə çox soyuq idi. Qar yağırdı, temperatur aşağı idi və bütün bunlar mənim üçün bir qədər qeyri-adi idi, axı Kosta-Rikada həmişə istidir və yaxşı hava var. Məhz bu barədə yaxınlarıma məlumat verdim. Bundan başqa, yaxınlarıma dedim ki, bura çox gözəldir.
- Ailənizi Bakıya gətirməyi planlaşdırırsınız?
- Düşünürəm ki, yaxın gələcəkdə sevdiyim qız Bakıya gələcək. Bundan başqa, alınsa, gələn ay atam mənə baş çəkmək üçün buraya səfər edəcək.