“Beş il əvvəl də bura gəlmişdik. Yenidən burada olmaq çox xoşdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
42 yaşlı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin bu gün “Tvente” ilə Hollandiyada keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında çıxış edib. Qurbanov matç haqda fikirlərini açıqlayıb: “Tvente” əla stadiona, fantastik azarkeşlərə malik komandadır. Meydanın ot örtüyü də yaxşı vəziyyətdədir. Komandanın özü isə rəqibə hörmətlə yanaşır. Bu dəfə tam fərqli oyun olacaq. Ola bilər ki, azarkeşlər maraqsız matç izləsin. Çünki hər iki komanda nəticə üçün oynayacaq. Biz səfərdə oynasaq da, bütün komanda ilə müdafiəyə çəkilməyəcəyik. Necə oynayacağımız isə görüşün axarından asılıdır. “Tvente” yaxşı komandadır. Enshede təmsilçisi intizamlı, yaxşı qurulmuş heyətə malikdir. Rəqibin müdafiə xətti daha çox diqqət çəkir. Meydan amili də “Tvente”nin üstünlüyüdür. Amma bu o demək deyil ki, şansımız yoxdur. “Qarabağ”ın qrupa düşmək üçün yaxşı şansları var. Əgər intizamlı oynayıb, səhv etməsək, uğur qazana bilərik. Şansların 50-nin 50-yə olduğunu hesab edirəm”.