“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədovun apasport.az saytına müsahibəsi
- Hazırlıqlarınızı necə gedir?
- Yanvarın 6-dan etibarən Sumqayıtda, öz meydançamızda məşq edirik. Gündə bir məşq olur. Sabah isə “Rəvan”la yoxlama görüşü keçirəcəyik. İş çoxdur, baxışa gələnlər arasında özümüzə uyğun oyunçular seçməliyik.
- Yoxlama matçları ilə bağlı proqram bəllidir?
- Yanvarın 15-i “Araz Naxçıvan”la, 18-i AZAL-la, 20-si isə “Şahdağ”la görüşəcəyik. Hələlik plan bu cürdür.
- Baxışda kimlər var?
- “Bakı”dan Rəhman Hacıyevlə Elşad Manafov bizimlə məşq edir. Rusiyadan da 2 uşaq gəlib, Tofiq Qədimov və Marat Qafarov. Yəqin ki, yeni oyunçular da olacaq. Onlarla bağlı yekun qərarı yoxlama matçlarında sınayandan sonra verəcəyik.
- Qış fasiləsində Ramil Diniyev və Tərzin Cahangirovla müqavilə bağlamısınız. Başqa real namizəd var?
- Xeyr, elə bir oyunçu yoxdur, ancaq baxışda olanlarıdır.
- Bir çox aparıcı oyunçularınızdan məhrum oldunuz. Slavik Alxasovla Orxan Əliyev “Xəzər Lənkəran”a transfer edildilər, Kərim Diniyev, Elşən Abdullayev, Ruslan Qurbanov və Nurlan Novruzov isə müqavilə ilə məxsus olduqları klublara döndülər. Yəqin ki, bu cür ciddi dəyişikliklər öz fəsadlarını göstərəcək.
- Əlbəttə, çətinlik yaradacaq. Ancaq çalışacağıq ki, onların yerini başqaları ilə dolduraq. Həmin uşaqlar “Sumqayıt”da özlərini doğrultduqları üçün güclü klublara lazım oldular. Bizim prinsipimiz dəyişilməzdir: yenə də cavanlara şans verəcəyik. Bizdə də şan verilməyəndən sonra harada oynayacaqlar? Məqsədimiz gənc oyunçuların inkişafına təkan verməkdir.
- Sizcə, Alxasov və ya Əliyev “Xəzər Lənkəran”ın əsas heyətinə düşə biləcəklər?
- Hər şey özlərindən asılıdır. Düşünürəm ki, mümkündür. İstedadlı, xarakterli uşaqlardılar.
- Topaz Premyer Liqasında geridə qalan 18 turdan sonra sonuncu pillədə qərarlaşmısınız. “Sumqayıt”ın elitada mövqeyini qoruması çətin olacaq...
- Razıyam, durumumuz yaxşı deyil. Ancaq elitada qalmaq üçün əlimizdən gələni edəcəyik.
- Yeni il baş məşqçi istefaları il başladı. Şahin Diniyev “Rəvan”dan, Nazim Süleymanov “Neftçi”dən istefaya getdi. Aqil Məmmədov qış fasiləsində postunu tərk edən 3-cü məşqçi ola bilər?
- Rəhbərlik mənimlə davam etmək fikrindədir. Yəni, komandadan ayrılacağımla, istefamla bağlı mənə heç nə deyilməyib. Belə bir şey olsaydı, deyərdilər. Rəhbərliklə müəyyən söhbətlər olub, ancaq baş məşqçi dəyişikliyi barədə danışmamışıq. İşimin başındayam, çempionatın növbəti oyunlarına hazırlaşırıq.
“İstefamla bağlı mənə heç nə deyilməyib” – MÜSAHİBƏ
09.01.2014 - 13:57
0
0