“Adım yenə müxtəlif klublarla birgə hallanır. Ancaq mənə heç kim rəsmi müraciət etməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin keçmiş üzvü Rail Məlikov deyib.
“Dənizlispor”dan ayrıldıqdan sonra klubsuz qalan 29 yaşlı müdafiəçi gözləmə mövqeyi tutub. Rail hazırda bütün fikrini transfer vərəqəsini götürməyə yönəldib: “Hələ ki, transfer vərəqəm özümdə deyil. Buna görə də, hansısa klubla danışıq aparmağa tələsmirəm. İki gün sonra, yəni yanvarın 8-də menecerim vərəqəni “Dənizlispor” rəhbərliyindən götürüb, Bakıya göndərməlidi. Yəni bu işlə mən yox, o, məşğul olur. Ümid edirəm ki, bir problem çıxmayacaq. Mənim istəyim karyeramı Azərbaycanda davam etdirməkdi”.
Qeyd edək ki, Məlikov karyerası ərzində “Dənizlispor”dan əlavə, “Bakı”, “Neftçi” və “Qəbələ” klublarının da formasını geyinib.