Kəpəz” təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Gəncə klubu “Dalğa Arena”da 19 yaşlılardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb.
Görüş “sarı-göylər”in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Oyunda hesabı Tural Axundov açıb. Ardınca milli hesabı bərabərləşdirməyə nail olub. Fasilədən sonra “Kəpəz” bütün qüvvə ilə irəli atılaraq, ardıcıl 3 qol vurub. İkinci hissənin ilk qolunu Tural Rzayev vurub. 11 metrlik cərimə zərbəsindən fərqlənən Budaq Nəsirov fərqi 2-yə çatdırıb. Ziyabil Məmmədov isə komandasının 4-cü qoluna imza atıb.
Qeyd edək ki, bu, “Kəpəz”in Bakı toplanışı çərçivəsində 3-cü qələbəsi olub. Bundan əvvəl gəncəlilər “Sumqayıt”ı 1:0, AZAL-ı isə 2:1 hesabı ilə məğlub etmişdi.