“Mançester Yunayted” futbol klubunun rəhbərliyi yay mövsümündə komandada geniş “təmizləmə” işləri aparmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, yeni oyunçulara 200 milyon funt sterlinq investisiya qoyulması planlaşdırılır.
Hazırkı mövsüm göstərib ki, Devid Moyesin komandası ciddi yenilənməyə möhtacdır. Komandaya ilk növbədə mərkəzi yarımmüdafiəçi, sol və mərkəz müdafiəçiləri tələb olunur.
Mövsümün sonunda “qırmızı şeytanlar” bundan sonra “Milan”da çıxış edəcək kapitan Nemanya Vidiçlə vidalaşacaqlar. Bundan əlavə, Rio Ferdinand, Anderson, Sindzi Kaqava, Nani, Uilfrid Zaxa və Havyer Ernandes də “Old Tafford”u tərk edəcəklər. 32 yaşlı Patris Evranın taleyi hələ müəmmalıdır. Robin van Persi isə komandada qalır.
“MY”nun transfer siyahısında bir çox futbolçunun adı var. Onların arasında “Sauthempton”un müdafiəçisi Lük Şou, “Bavariya”nın futbolçusu Toni Kross, “Sportinq”in oyunçusu Vilyam Karvalyo və Dortmund “Borussiya”sının türk əsilli futbolçusu İlkay Gündoğanın adını çəkmək olar.
Əsas məsələ isə komandanın növbəti mövsümə hansı baş məşqçi ilə başlayacağıdır. “Yunayted”in çox uğursuz çıxışlardan sonra son iki turda özünü nisbətən düzəltməsi, eləcə də hələ də Çempionlar Liqasında çıxışı etməsi onun şanslarını nisbətən yüksəldib. Bununla yanaşı, klub rəhbərliyinin növbəti mövsüm üçün yeni baş məşqçi axtaracağı istisna edilmir.