İngiltərənin “Mançester Yunayted” futbol klubunun baş məşqçisi Devid Moyes azarkeşlərə açıq məktub yazıb. Apasport.az saytının məlumatına görə, Moyes məktubunda onları komandaya dəstək verməyə çağırıb.
Baş məşqçi qeyd edib ki, komanda uğur qazananda onu dəstəkləmək asandır. Amma klub ağır günlər keçirəndə onun yanında olmaq daha çətindir. O, ən ağır günlərdə belə “MY” ilə bir yerdə olan azarkeşlərə də təşəkkür edib.
Moyes “Mançester Yunayted”in fanatlarını ölkədə ən yaxşı azarkeş adlandırıb və bundan sonra da onları dəstək verməyə çağırıb. Məşqçi komandanın yaxın vaxtlarda uğursuzluq zolağından çıxaraq yaxşı nəticələr göstərəcəyinə və qələbələr əldə edəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək Ki, bu mövsümdə komandanın işi yaxşı getmir. “MY” artıq faktiki olaraq çempion titulunu itirib və hətta növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməmək təhlükəsi ilə üzləşib. “Mançester Yunayted” Çempionlar Liqasının 1/8 finalında da mübarizəni dayandıra bilər. Komanda birinci oyunda Yunanıstan “Olimpiakos”una 0:2 hesabı ilə uduzub.
Devid Moyes 1986-cı ildən sonra komandanın baş məşqçisi postunu tutan ilk şəxsdir. O, bu postda Aleks Ferqüssonu əvəzləyib. Ferqüsson isə 1986-2013-cü illər ərzində komandanın əvəzedilməz baş məşqçisi olub.