“Milan”ın futbolçusu Mattiya De Şilo Çempionlar Liqasının 1/8 finalındakı “Atletiko” (Madrid) matçından sonra xəstəxanaya aparılıb. Apasport.az saytının məlumatına görə, bunu İtaliya təmsilçisinin baş məşqçisi Klarens Zedorff yerli mətbuata açıqlamasında deyib.
Hollandiyalı mütəxəssis De Şilonun topuğunda ciddi zədə aldığını və yaşıl meydanlara gec qayıdacağını bildirib. Onun sözlərinə görə, gənc müdafiəçi oyunun 21-ci dəqiqəsində rəqib oyunçu ilə toqquşarkən xəsarət alıb.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Mattiya “Milan” futbol məktəbinin yetirməsidir. O, 2011-ci ildən əsas heyətlə çıxış etməyə başlayıb.