“Mustafa Dənizli olmasa belə, Azərbaycana gələrəm”
22.01.2014 - 15:21
“Mustafa Dənizli olmasa belə, Azərbaycana gələrəm”

“Xəzər Lənkəran”a keçəcəyi gözlənilən Türkiyənin “Ərciyəsspor” klubunun futbolçusu Sinan Kaloğlunun apasport.az saytına müsahibəsi

 

- “Ərciyəsspor”dan ayrılacağınız deyilir...

- Tam ayrılmadım, ancaq danışıqlar apardığım klublar var. Bir sözlə, “Ərciyəsspor”dan ayrılmağım gündəmdədir.

 

- Ayrılmağınızın səbəbi baş məşqçi Hikmət Karamanla bağlıdır?

- Yox. Sadəcə, bu il klubla baxışlarımız uyğun gəlmədi. Klubla həmin ritmi tuta bilmədik. 9 oyuna çıxdım, cəmi 2 qol vurdum. Əslində, problemim əvvəlki baş məşqçi Fuat Çapa ilə bağlıdır. Onunla anlaşa bilmədik, mənə şans vermədi. Bir sözlə, onun oyun fəlsəfəsinə uyğun gəlmədim. Amma Fuat hoca ötən ay işindən ayrıldı. Karaman isə yeni baş məşqçidir.

 

- Sizdən öncə meneceriniz Anıl Tortu ilə danışdıq. Deyəsən, “Ərciyəsspor”dan alacaqlarınız da var...

- Bəli, elədir.

 

- Neçə aydır pul ala bilmirsiniz?

- Alacaqlarımın olduğu düzdür. Ancaq klubla müqaviləmi hələ pozmamışıq. Hələ gözləmə mövqeyindəyəm. Baxıram, hansı düzgündürsə, danışıqlar apardığımız klublardan biri üzərində seçim edəcəyəm.

 

- Azərbaycandan təklif almısınız?

- Bəli, Azərbaycandan 2-3 klubla menecerim görüşüb. Ancaq Türkiyədə Superliqa klubları ilə danışıqlar aparırıq. Oğuz Çətin mənim sabiq məşqçimdir. Türkiyə millisində bir yerdə olmuşuq. Hazırda “Xəzər Lənkəran”da Mustafa Dənizlinin köməkçisidir. Mustafa hoca ilə birgə çalışmamışam. Ancaq bir-birimizi tanıyırıq. Hazırda tələsmirəm. Danışıqlar apardığım klublardan hansına xeyir verə biləcəyimi düşünsəm, ona dair qərar qəbul edəcəyəm.

 

- “Rəvan”la danışıq aparırmısınızmı?

- Bir neçə klubla danışığımız olub. Ancaq klubların adlarını menecerim yaxşı bilir. Mənə “Bakı” klubunun adını söyləmişdi. Bir sözlə, Azərbaycandan maraqlanan klublarla danışıqlarımız olsa da, hələ yekun qərar qəbul etməmişik.

 

- Sizi istəyən klublar öncə “Ərciyəsspor”la anlaşmalıdır. Bunun üçün nə qədər pul ödənilməlidir?

- Bunu bilmək elə də vacib deyil. Sadəcə, məni istəyən klublarla “Ərciyəsspor” rəhbərliyini görüşdürəcəyəm. Transfer qiymətim hələ bəlli deyil. Müqaviləmi klubla pozmamışam. Pozmağım üçün klublar bir-birləri ilə pul məsələsində anlaşmalıdır.

 

- Azərbaycanda oynamağa nə qədər isti yanaşırsınız? Mustafa Dənizli, Oğuz Çətin amili olmasaydı, Azərbaycana gəlməyə razılıq verərdinizmi?

- Təbii ki, Dənizli olmasa belə, Azərbaycana gələrdim. Azərbaycan bizim üçün qardaş ölkədir. İnsanları yaxşıdır, orda özümüzü yad kimi hiss etmərik. Mən 3 il Almaniya və Hollandiyada əcnəbi kimi oynadım. Ancaq Azərbaycanda özümü daha rahat oynayaram.

 

- Meneceriniz Antalyada olarkən “Xəzər Lənkəran”ın düşərgəsində olub və keçidiniz haqda Dənizli ilə danışıq aparıb. Danışıqlar hansı mərhələdə qalıb?

- Danışıqların sonrakı axarını bilmirəm. Dediyim kimi, Türkiyədə danışıq apardığım klublar da var. Ona görə də hələlik hansı klubun təklifinə müsbət cavab verəcəyimə qərar verməmişəm.

 

- Belə çıxır ki, Türkiyədəki klublarla anlaşa bilməsəniz, Azərbaycan variantına üstünlük verəcəksiniz...

- Yox, “onlar alınmazsa” söhbəti deyil. Mən sadəcə, seçim edəcəm. Maraqlanan klubların şərtlərinə bir-bir nəzər yetirəcəyəm. Maddi və başqa şərtlərə baxdıqdan sonra qərarımı bir klub üzərində verəcəyəm. Yoxsa, Azərbaycan mənim üçün Türkiyədən fərqlənmir. Ora da Türkiyə kimi baxıram.

 

Səbuhi TOFİQOĞLU