“Çaykur Rizespor” nə “Fənərbaxça”dır, nə “Beşiktaş”, nə də “Qalatasaray”. Bu həqiqəti qəbul etməliyik. Sözügedən komandaların büdcəsi 300 milyondur. Biz 40 milyon lirəyə oynayırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə Superliqasında mübarizə aparan “Çaykur Rizespor” klubunun prezidenti Mətin Kalkavan deyib.
Yerli mətbuata müsahibə verən klub başqanı 14 həftə qələbə qazana bilməyən bir komandanın baş məşqçisinin postunda qalmasının Türkiyə üçün bir rekord olduğunu söyləyib. O, həmçinin komandanın sabiq çalışdırıcısı, hazırda “Xəzər Lənkəran”a rəhbərlik edən Mustafa Dənizli barəsində maraqlı açıqlama verib: “Hər kəs həddini və yerini biləcək. Hədəfimiz ilk “10-luq”da qalıb, Avropa Liqasına vəsiqə üçün mübarizə aparmaqdır. Qarşımıza elitada qalmaq kimi bir məqsəd qoymadıq. Mustafa Dənizlini göndərməyimizin səbəbi maliyyə məsələlərində riskə getməmək istəməməyimiz idi. Bizdən 125 milyon lirəlik transfer büdcə istədi. Bunu təmin edə bilmədik. Mustafa Dənizli qalsaydı, batardıq. Çempion olsan da, batarsan. Hər kəs ayağını yorğanına görə uzadacaq. Biz Superliqanın daimi iştirakçısına çevrilib, yarışa rəng qatmaq istəyirik”.
Qeyd edək ki, Mustafa Dənizli ötən mövsüm komandanı I diviziondan Superliqaya çıxartsa da, transfer büdcəsi ilə bağlı rəhbərliklə fikir ayrılığı yaşadığı üçün postunu tərk edib.