“Neftçi” - “İnter” oyunu heç-heçə başa çatacaq?
19.02.2014 - 14:49
“Neftçi” - “İnter” oyunu heç-heçə başa çatacaq?

Topaz Premyer Liqasının XXII turunun “Neftçi” və “İnter” arasında paytaxt derbisi “sülhsevər” hakimə tapşırılıb. Apasport.az saytının məlumatına görə, bu gün saat 16:00-da başlayacaq qarşılaşmanı idarə edəcək Fariz Yusifov cari mövsüm meydana çıxdığı 14 matçın yarısında – 7-də heç-heçə qeydə alınıb. Digər matçlarda meydan sahibləri 4, qonaqlar 3 dəfə 3 xalı bayram edib.

 

Mövsümdə 5 qırmızı vərəqə göstərən sabiq FİFA referisi 3 dəfə ev sahibi, 2 dəfə qonaq komandanı cəzalandırıb. O, hər tərəfə 1 penalti təyin edib.

 

Yusifovun “Neftçi” ilə 3 dəfə yolları kəsişib. “Xəzər Lənkəran”la (IV tur) səfərdəki qolsuz heç-heçə zamanı baş hakim olan ədalət təmsilçisi “Bakı” (XIII tur) və “Sumqayıt” (XV tur) üzərində eyni – 2:1 hesablı qələbələrə şahid olub.

 

“İnter” isə bu hakimlə 2 dəfə görüşüb. “Bakı” ilə (VII tur) evdə 2:2 hesabı ilə bərabərə qalan “bankirlər” AZAL (XIX) üzərində qələbəyə sevinib – 2:1.