Topaz Premyer Liqasının XXIX turunun mərkəzi görüşü sayılan “Neftçi” – “Bakı” matçında tərəflər meydana hərəyə 1 əsas müdafiəçisi olmadan çıxacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb hər 2 paytaxt klubunda itkilərin mövcudluğudur.
Belə ki, meydan sahibləri olan “Neftçi”nin sol cinah müdafiəçisi Bruno Bertuççi “Xəzər Lənkəran”la matçın 77-ci dəqiqəsində baş hakim Orxan Məmmədovun qərarına etiraz etdiyi üçün 4-cü sarı vərəqisini alıb. Bu isə onun derbini buraxmasına səbəb olub.
“Bakı” da braziliyalı cinah müdafiəçisinin xidmətindən yararlana bilməyəcək. Söhbət sağ cinah oyunçusu Ettodan gedir. O, ümumilikdə 8-ci sarı vərəqəsini almaqla cəzalı duruma düşüb. Bir sözlə, oyun zamanı eyni cinahda bir-birlərinə qarşı mübarizə aparmalı hər 2 futbolçu indi matçı kənardan seyr etməlidir.
“Bakı”dakı digər itki isə Vüqar Mustafayevlə bağlıdır. Ötən tur “Simurq”la matçda rəqib futbolçunu təhqir etdiyi üçün birbaşa qırmızı vərəqəyə layiq görülən Mustafayev AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, paytaxt derbisi aprelin 6-da saat 15:30-da başlayacaq.