“Neftçi” “Qarabağ”dan zəifdir, keyfiyyətli futbol oynamır”
13.02.2014 - 12:30
“Neftçi” “Qarabağ”dan zəifdir, keyfiyyətli futbol oynamır”

“Qəbələ” klubunun hücumçusu Viktor Mendinin apasport.az saytına müsahibəsi

 

- Çempionluq uğrunda mübarizə aparan komandanız əsas rəqiblərinizdən olan  “Qarabağ”a 3 qarşılaşmanın hamısında məğlub olub. Ağdam təmsilçisindən həqiqətən də zəifsiniz?

- Əgər “Qarabağ”a son 3 görüşün hamısında uduzmuşuqsa, deməli, yaxşı oynamamışıq. Halbuki, 2 il əvvəl bu komandanı yenmək elə də çətin olmurdu. Amma indi bunu edə bilmirik. Çünki keyfiyyətli, yaxşı oyun nümayiş etdirir. Buna görə də məğlub etmək çətindir.

 

- Çempionluq uğrunda mübarizə apardığına görə, “Qəbələ” də keyfiyyətli oynamağa borclusunuz. Bəlkə rəqibin keyfiyyətli oyunu sizi bir qədər qorxaq futbol nümayiş etdirməyə sövq edib?

- Müəyyən mənada razılaşıram ki, qorxaq futbol nümayiş etdirdik. İmkanlarımızdan aşağı səviyyədə oynadıq. Biz topu ələ keçirmək üçün pressinqi meydanın rəqibə aid hissəsində etməli idik. Ancaq bunu öz sahəmizdə edirdik. Bu isə riskli idi. Ümumiyyətlə, oyunu öz meydanımızda keçirməyimiz düzgün deyildi. Bu kənardan qorxaq futbol oynadığımız anlamına gəlirdi.

 

- Bu uğursuz seriya “Neftçi” ilə görüşdə də yaşanır. “Qarabağ”a məğlubiyyətlərin səbəblərini izah etdiniz. Bəs “Neftçi”ni niyə üstələyə bilmirsiniz?

- Əvvəla, “Neftçi” “Qarabağ”dan çox zəifdir, onlar qədər baxımlı futbol oynamırlar. Ancaq “Neftçi” çempion olmağın yolunu bilir. Elə futbolçular var ki, uzun müddətdir bir yerdə oynayırlar. Onlar bir-birini daha yaxşı tanıyırlar. Buna görə də hazırda ikinci pillədədirlər. Yenə vurğulayım ki, “Qarabağ” qədər keyfiyyətli futbol oynamırlar.

 

- Həftəsonu “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Rəqib aşağı pillələrdə qərarlaşsa da, kifayət qədər güclü komandadır. Bu görüşlə bağlı nə düşünürsünüz?

- Digər oyunlara hazırlaşdığımız qaydada məşqlərimizi davam etdiririk. Yeni baş məşqçinin gəlişindən sonra müsbətə doğru dəyişiklik olub. Oyuna yaxşı hazırlaşmalı, bacardığımız qədər qələbə qazanmalıyıq.

 

- Baş məşqçidən danışdınız. Mustafa Dənizlinin gəlişindən sonra 6 oyun keçirən “Xəzər Lənkəran” heç bir görüşdə məğlub olmayıb. Bu statistika sizə nəsə deyirmi?

- Həmin statistikaya son qoymağın zamanıdır (gülür). Bunu reallaşdırmaq üçün “Qarabağ”la görüşdəkindən daha yaxşı çıxış etməliyik.

 

- Artıq komandada oyun qurucusu funksiyasını yeni transfer Marat İzmayılov yerinə yetirir. Onunla oynamaq necə, çətin deyil?

- Bir-birimizi yaxşı başa düşürük. Çünki sadə futbol oynayır. Rusiya yığmasında, eləcə də Avropanın müxtəlif ölkələrinin  klublarında çıxış etmiş futbolçudur. O, yüksək keyfiyyətlərə malikdir.