“Neftçi” də “Tobol”u məğlub etdi - YENİLƏNİB
21.01.2014 - 19:50
“Neftçi” də “Tobol”u məğlub etdi - YENİLƏNİB

Yanvarın 12-dən Türkiyədə toplanışda olan “Neftçi” bu gün 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin yetirmələri Qazaxıstanın “Tobol” klubu ilə üz-üzə gəlib.

Başa çatmış son Qazaxıstan Premyer Liqasını ikinci “altılığ”ın lideri kimi tamamlayan Kostanay təmsilçisi klublarımızdan birinə yaxşı tanış idi. Belə ki, Sergey Maslyonovun yetirmələri yanvarın 13-də “Qəbələ” ilə qarşılaşmış və 1:2 hesabı ilə məğlub olmuşdu. Elə bu dəfə də, təmsilçimiz qələbə qazanıb. Qazaxıstan klubu 2 dəfə hesabı bərabərləşdirsə də, “Neftçi” önə keçməyi bacarıb. Maraqlıdır ki, son çempionumuzun qollarından 2-ni mərkəz müdafiəçiləri, 2-ni isə mərkəz hücumçuları vurub.

Qeyd edək ki, “Neftçi” bundan öncə Albaniyanın “Partizani” (2:0) və Türkiyənin “Fənərbaxça” (0:0) klubları ilə gücünü sınayıb.

 

“NEFTÇİ” – “Tobol” (Qazaxıstan) - 4:2

Qollar: Elvin Yunuszadə, 20; Karlos Kardoso, 35; Ruslan Qurbanov, 65; Bahodir Nasimov, 70