“Neftçi” “üç”lə hamıdan öndə
10.02.2014 - 15:35
“Neftçi” “üç”lə hamıdan öndə

“Neftçi” Topaz Premyer Liqasının antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi cari mövsümdə oyunu 8 nəfərlə tamamlayan ilk komanda kimi tarixə düşüb.

 

Belə ki, “Xəzər Lənkəran”la səfər qarşılaşmasında “ağ-qaralar”ın 3 futbolçusu vaxtından əvvəl meydanı tərk edib.

 

XX turun görüşündə qeydə alınan bu göstərici mövsümün ən yüksən nəticəsidir. Arxada qalan 19 turda ən pis halda 1 komandanın 2 üzvü eyni matçda cəzalanmışdı. Buna isə 3 dəfə təsadüf olunmuşdu. “Sumqayıt” avqustun 23-də, “Neftçi” dekabrın 20-də AZAL-la qarşılaşmaları 9 nəfərlə tamamlamışdı. Avqustun 31-də “Neftçi”ni qəbul edən “Bakı” da eyni taleyi yaşamışdı.

 

“Neftçi”dən Tərlan Quliyev, Bruno Bertuççi və Karlos Kardosonun cəzalandığı qarşılaşmada “Xəzər Lənkəran”ın oyunçusu Ağabala Ramazanov da qırmızı vərəqə alıb. Bununla, “Böyük oyun” 4 qırmızı vərəqə ilə mövsümün ən intizamsız matçı oldu. Bunadək heç bir görüşdə 2-dən artıq oyunçu meydandan qovulmamışdı.