“Neftçi” bu gün Avroliqanın pley-off mərhələsində “Partizan”la keçirəcəyi cavab oyunu öncəsi bəyanat yayıb. Apasport.az xəbər verir ki, Bakı klubu rəsmi saytı vasitəsilə azarkeşlərinə müraciət edib.
Müraciətdə göstərilir: “Bu gün Avroliqanın play-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” – “Partizan” oyunu keçiriləcək. Azarkeşlərdən xahiş edirik ki, baş verə biləcək hər hansı təxribata uymasınlar.
Xatırladırıq ki, Avroliqanın III təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Çixura” (Gürcüstan) matçında qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınmışdır.
Avroliqanın play-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” - “Neftçi” oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər”.