"Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda – avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Müşfiq Teymurov deyib.
21 yaşlı futbolçu Topaz Premyer Liqasının XXXIV turunun “Bakı” ilə oyununda (3:1) rəqib qapısına yol tapmaqla qol hesabını açıb. Teymurov cari mövsüm komandasının heyətində qol sevinci yaşayan ən gənc oyunçu olub: “Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədər isə daha bir ciddi sınağımız - Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, “Neftçi” ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq “Qəbələ”yə ilk titul qazandırmaqdır".
Mənbə: gabalafc.az