“Neftçi” Lənkərana itkilərlə yollanacaq
06.04.2015 - 11:53
“Neftçi” Lənkərana itkilərlə yollanacaq

Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində “Simurq” üzərində əzmkar (1:0) qələbə qazanan “Neftçi”də heyətlə bağlı problemlər bitmək bilmir. Apasport.az saytının məlumatına görə, paytaxt klubu “Xəzər Lənkəran”la növbəti tur matçına ciddi itkilərlə yollanacaq.

 

Baş məşqçi Arif Əsədovun “Böyük oyun”da 3 futbolçunun xidmətindən yararlanmayacağı dəqiqdi. Bunlar Məqsəd İsayev, Ernest Nfor və Rauf Əliyevdi. Məqsəd İsayev artıq mövsümü qapayıbsa, çoxdandı zədədən əziyyət çəkən Ernest Nfor yenicə fərdi məşqlərə başlayıb. Lakin onun nə zaman sıraya dönəcəyi qeyri-müəyyəndi. Rauf Əliyev isə “Simurq”la qarşılaşmadan bir gün əvvəl suçiçəyi xəstəliyinə yoluxub və Bakıya qayıdıb. Sabiq “Xəzər Lənkəran”lı 2-3 həftə komandasına kömək edə bilməyəcək.

 

Bundan əlavə, müdafiəçi Denis Silva da zədədən əziyyət çəkir. Onun da Lənkərandakı qarşılaşmada iştirakı sual altındadı. Digər braziliyalı müdafiəçi Karlos Kardozo isə qırmızı vərəqə cəzalısı olduğu üçün Lənkəranda meydançaya çıxmayacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aprelin 9-da keçiriləcək.