Avroliqanın pley-off mərhələsi çərçivəsində avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçına bilet satışı davam edir. Apasport.az saytının xəbərinə görə, Bakı klubu qara bazarda qanunsuz bilet satışının qarşısını almaq və kassaların önündə sıxlığın yaranmaması üçün azarkeşlərə xahiş etməyi lazım bilib.
Klubun rəsmi saytı vasitəsilə edilən bu xahişdə bildirilir ki, azarkeşlər biletləri oyun günü yox, daha tez əldə etsinlər.
Qeyd edək ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarında satılır. Bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini kassaya təqdim etməlidir.