Futbol klublarımız sağ olsunlar, bayram günlərində Şaxta babaya, Qar qıza ehtiyac qalmadı. Sözün əsl mənasında şənlik təşkil ediblər, 7-dən 77-yə hər kəs əylənir.
Düzdü, “Neftçi” flaqman olsa da, bir qədər yubanıb. Ancaq adına layiq iş görüb, “Rəvan”dan geri qalmayıb. Kənardan baxırsan, sanki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrındasan, pərdə arxasında oynayan barmaqlar üz cizgilərindən Nazim Süleymanovla Şahin Diniyevi xatırladan kiçik qəhrəmanları özləri istədikləri kimi hərəkət etdirirlər. Əsərə özümüz də ad verə bilərik. Məsələn, “Ram edilmiş məşqçilər” olsun, yaxşı səslənir...
Hər şey bir yana, açığı, Elxan Abdullayevin “Rəvan” qeyri-ciddi klubdur” fikri növbəti dəfə özünü doğruldandan sonra digərlərinin onlara bənzəyən çıxıntılarını rəndələyəcəklərini düşünürdüm. Lakin “Neftçi” üzünə üz bağlayıb, həmşəhərlilərindən geri qalmadığını göstərdi. Hər ikisi peşəkarlıq mücəssəməsidir.
Ötən ilin son günlərində qələmə aldığım bloqda Böyükağa Hacıyevin “Neftçi”nin qumbarası olduğunu yazmışdım. “Zəif”in klubda yer almasının doğru olmadığını, belə bir vəziyyətdə baş məşqçilərin rahat işləyə bilməsinin mümkünsüzlüyünə diqqət çəkmişdim. Sonda gözlənilən oldu: Tərlan Əhmədov nə yaşamışdısa, Nazim Süleymanovun da başına həmin iş gəldi. İndi fitili çəkilmiş qumbara partladığı və Sadıq Sadıqovun müşavirinə cığır açdığı üçün səbəbkara yeni ad tapmalıyıq.
Deyəsən, bugünkü işimiz ad fikirləşmək olacaq. Nə edək, bizə düşən yaşananların hekayəsini yazıb, başlıq qoymaqdı. Hacıyevin yeni ləqəbi də “Neftçi”nin Bəhmən Həsənovu olsun!
“Rəvan”nın haqqını yeməyək, baş məşqçini qovandan sonra klubda başqa bir işlə təmin etmək dəbini Azərbaycan futboluna onlar gətirib. Bəhmən Həsənovun bu klubun neçə dəfə baş məşqçisi təyin edilib, istefaya göndərdiyini dəqiq xatırlamasam da, Hacıyevin yayda Albaniyada “Skenderbeu”ya uduzduqları matçdan sonra öz-özünə “sən nə etdin, Lal Hüseyn” dediyini eşitmişəm.
“Neftçi”nin necə ölkə çempionu olduğunu, hansı vasitələrlə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığını unudan Böyükağa bəy ötən ilin yayında Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşdıqları Albaniya klubunu tək ayaqla keçəcəklərini zənn edirdi. Elə ona görə də, Sadıqovun gözündə əlavə bonus qazanmaq üçün “Skenderbeu”nu keçə bilməsək, istefa verəcəyəm” söyləmişdi.
Sözünü tutub, istefa verdi də.
Ancaq biz görmüşük ki, istefa verən məşqçi şələ-şüləsin yığıb, birdəfəlik gedər. Lakin Hacıyev Bəhmən bəydən ilham aldı, xurcununu götürüb çəkildi daxmanın bir küncünə. Və başladı onun yerinə gələnləri daşlamağa. Bunu mən demirəm, Əhmədov söyləyib. “Zəif”in onun işinə müdaxilə etdiyini, ayağından çəkdiyini də o, bəyan edib. Tərlan bəy hətta demişdi ki, Nazim Süleymanova nə zərbə gəlsə, Hacıyev tərəfindən gələcək. Qoy, biz buna “Əhmədovun ittihamları” deyək, Böyükağa bəy də adını “Tərlanın qarayaxmalar”ı qoysun.
Süleymanovun da öz hekayəsi var. Özünün yazmadığı bir hekayə. Olanı deyəcəyəm, sıxıntılı günlərində Nazim bəylə danışan zaman ona “Neftçi”də heç bir səlahiyyət verilmədiyini hiss edirdim. Sanki klubdan ayrılacağı günü gözləyirdi. İndi istəklərini yerinə yetirilmədiyi üçün getdiyini söyləyir. Hərçənd, rəhbərlik qarşısında qoyduğu tələblərin qəbul edilməyəcəyini öncədən bildiyinə əminəm. Onun aqibətini “Sonunu gözləyən adam” kimi qələmə vermək olar, məncə.
Böyükağa bəyin pərdə arxasında nələr çevirdiyini bilmirəm, ancaq “Neftçi” bu gedişlə çempion olmayacaq”, “komanda əvvəlki motivasiya yoxdur” kimi açıqlamalar verməklə, sələfini açıq-aşkar baltalayırdı. İşə bir bax, bu gün Süleymanovun istefasına görə təəssüfləndiyini söyləyir. Ardınca da “Məşqçi təmiz qalmaq istəyirsə, transfer işinə qarışmamaldır” deyir. Adam hələ çox danışacaq, bu işdə pərgardır. Mən isə uzatmaq istəmirəm. Bəhmən Həsənovun davamçısının davranışlarına, yeni hekayəsinə özünüz ad qoyun...
“Neftçi”nin Bəhmən Həsənovu
09.01.2014 - 00:00
0
0