“Neftçi”nin qumbarası
28.12.2013 - 12:29
“Neftçi”nin qumbarası

İstənilən baş məşqçini postundan uzaqlaşdırıb, klubda başqa bir vəzifədə oturtmaq təhlükəli gedişdir. Bu, qumbaranın fitilini çəkib, türkün məsəli, yeni gələn məşqçinin əlinə verməyə bənzəyir – gec-tez partlayacaq. “Sükan”ı əlindən alınanı qapının önünə qoymaq lazımdır. Həmin adam müqəddəs olsa belə...

Sadıq Sadıqov işini bilən adamdır. “Neftçi”nin prezidenti təyin olunandan bəri komandanın qazandığı nəticələr, oynadığı futbol göz önündədir. Ancaq gərək, Böyükağa Hacıyevi klubda saxlamayaydı.

Başa düşürəm, onun səhhətindəki problemləri nəzərə alıb, humanist davrandı. Böyükağa bəyin yerinə başqa birisi olsaydı, nə əldə etdiyi çempionluğa, nə də Avropa Liqasına vəsiqə qazanmasına baxmazdı. Lakin bəzən insani hislər peşəkarlığın önünə keçir. Sadıqov vəziyyəti nəzərə alıb, ona qıymadı, müşaviri təyin edib, yanında saxladı. Hacıyevin dilini dinc qoymayacağını bilə-bilə...

Tərlan Əhmədov ovcundakı qumbaranı 11 oyun saxlaya bildi. Komandaya rəhbərlik etdiyi müddətdə səsini çıxartmasa da, “Neftçi”dən ayrılandan sonra bəzi gizlinləri ictimaiyyətə açıqladı. Hacıyevin onun işinə müdaxilə etdiyini, onu postundan uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxdığını, lakin prezidentin buna imkan vermədiyini söylədi.

Bilirsiniz, bu şübhə ki var, istənilən adamı bitirər. Əgər birini davamlı pisləyib, eyiblərini qərar verəcək adama çatdırırlarsa, hədəfdəki şəxsin ömrü uzun olmur. Hacıyev köməkçisi olmuş Əhmədovu özü üçün ciddi fiqur saymırdı. Ona görə də, onun açıq-aşkar tənqid etmirdi, işini altdan-altdan görürdü. Həm də Tərlan bəy Sadıqovun könlündəki baş məşqçi olmadığından onu aşırtmaq üçün çox əziyyət çəkməyə də gərək yox idi.

Ancaq Nazim Süleymanovla vəziyyət fərqlidir. “Neftçi”nin hazırkı baş məşqçisinin əksər azərbaycanlı futbolçuların, elə Böyükağa bəyin görmədiyi karyerası olub. Əhmədovdan fərqli, Süleymanovun baş məşqçi təcrübəsi vardı – “Xəzər Lənkəran” və AZAL-a rəhbərlik etmişdi. Milli komandada Berti Foqtsun köməkçisi olması isə onun üçün əlavə bonusdur.

Kəsəsi, Hacıyev qollarını çirmələyib, əməlli-başlı iş başındadır. Klubun daxilində nələr çevirdiyini bilmirəm, ancaq “Neftçi” bu gedişlə çempion olmayacaq”, “komanda əvvəlki motivasiya yoxdur” kimi açıqlamalar verəcək qədər uzağa gedib.

Hə, Süleymanovun hazırda işləri yaxşı getmir və bu gedişlə, çempion titulunu qorumaq çətin olacaq. Ancaq bunu yalnız futbol mütəxəssisləri və idman yazarları dilə gətirə, tənqid edə bilərlər. Klub prezidentinin müşaviri baş məşqçi haqda mətbuata bu tip açıqlamalar verməməlidir.

Özü də, bunu Nazim bəy qardaşını dəfn etdiyi ərəfədə dilə gətirməyin heç yeri yoxdur. Biz görmüşük ki, hüznü düşənin yanında olub, ürək-dirək verərlər. Ancaq “Neftçi”nin qumbarası” öz işindədir. Baş sağlığı vermək əvəzinə...