“Neftçi”nin rəqibi - “sarı bülbüllər”i yaxından tanıyaq
11.07.2014 - 13:42
“Neftçi”nin rəqibi - “sarı bülbüllər”i yaxından tanıyaq

 

 

“Neftçi”nin Avroliqanın II təsnifat mərhələsindəki rəqibi artıq bəllidi. Apasport.az saytının məlumatına görə, bu, Monteneqro “Çelik”ini ümumi hesabda 9:0 hesabı ilə məğlub edən Sloveniyanın “Koper” klubudu.

 

6 ildən sonra 100 yaşını qeyd edəcək “Koper” Adriatik dənizinin sahilində yerləşən eyniadlı şəhərin komandasıdı. “Sarı bülbüllər” Sloveniyanın 5 klubundan (“Maribor”, “Olimpiya”, “Qoritsa” və “Domjale”) biridir ki, ölkədəki 3 kuboku da qazanıb.

 

Klub bəzən “Luka Koper” kimi də təqdim olunur. Bu da mənası “Koper Limanı” olan şirkətin məhz bu kluba sponsorluq etməsi ilə bağlıdı.

 

Ümumiyyətlə, klubun adı “Koper” kimi rəsmi sənədlərdə “Aurora” və “Meduza”nın birləşdiyi 1955-ci ildən göstərilir. 1991-ci ilə kimi Yuqoslaviyanın aşağı dəstələrində çıxış edən “Koper” 90-cı illərin sonunda borclarını ödəməmək üçün “Turan” variantına əl atıb.

 

Belə ki, rəhbərlik bunun üçün komandanın rəsmi adını “Koper” NK-dan “Koper” FK-ya çevirib. Komandanı bir dəfə isə dağılmaqdan azarkeşləri, daha bir dəfə isə indi Hafiz Məmmədovun sahibi olduğu “Şeffild Uensdey”in prezidenti Milan Mandariç xilas edib.

 

“Koper” ilk dəfə 2002-ci ildə avrokuboklarda çıxış edib. Sloveniya klubu İntertoto Kubokunda “Helsinqborq” əngəlinə ilişib. Ancaq növbəti il bu turnirin yarımfinalına kimi irəliləyən “Koper”i yalnız “Herenven” saxlaya bilib. 2009/10 mövsümündə yeganə qızıl medallarını qazanan “sarı bülbüllər” Çempionlar Liqasında Zaqreb “Dinamo”suna evdə 3:0 hesabı ilə qalib gəlsə də, mərhələ keçə bilməyib. Komanda 2 dəfə kubok və 1 dəfə Superkubok qazanıb. 2000/01 mövsümündən etibarən mütəmadi şəkildə Sloveniyanın elitasında çıxış edən 94 yaşlı klub ötən birincilikdə 2-ci dəfə gümüş medalları qazanıb.

 

Komanda ev oyunlarını 1947-ci ildə inşa olunmuş “Bonifika” stadionunda keçirir. 2001-ci ildən Sloveniya millisinin də yararlandığı stadion 4047 tamaşaçı tutumuna malikdi.

 

“Koper”i 2012-ci ilin oktyabrın 4-dən 51 yaşlı italiyalı məşqçi Rodolfo Vanoli çalışdırır. Komandada Peritsa İvetiç, Qoran Qaleşiç, Miroslav Çovilo kimi bosniyalılar, eləcə də Bojidar Radoşeviç kimi xorvatiyalı legionerlər çıxış edir. “Koper”in yeni transferləri isə yarımmüdafiəçi Marko Kriviçiç və vaxtı ilə “Udineze”nin hücumçusu olmuş italiyalı Daniel Bradaskiadır.

 

2 illik fasilədən sonra yenidən Avroliqada çıxış edən “Koper” Nikşiç şəhərində “Çelik”i 5:0, Koperdə isə 4:0 hesabı ilə darmadağın edib. Yeri gəlmişkən, “Koper”in sonuncu matçında qolları Yaka Ştromayer (10), Qoran Qaleşiç (17, 90) və Matey Puçko (90) vurub. Qaleşiçin ilk qolu penaltidən vurulub.