Avroliqanın pley-off mərhələsində “Neftçi”nin rəqibi olan Serbiyanın “Partizan” klubu maliyyə problemlərindən qurtara bilmir. Apasport.az xəbər verir ki, İspaniya nəhəngi “Real”la uzun müddətdir dostluq əlaqələri olan klub hətta onları da aldatmağa cəhd edib.
Belə ki, Madrid klubu Belqrad təmsilçisinə maliyyə yardımı etmək üçün borc versə də, “Partizan”ın marketinq şöbəsi pulların geri qaytarılması zamanı qayda pozuntularına yol verib.
Hazırda klub rəsmiləri Madridə yollanaraq bu məsələləri yoluna qoymağa çalışırlar. Onlar hətta hazırda komandanı bu durumdan çıxarmaq üçün “Real”la yoldaşlıq görüşü keçirməyi də planlaşdırıblar.
“Partizan” klubunun rəsmiləri İspaniya klubu ilə problemləri həll etmək üçün danışıqlara başlayıb. Əgər “Real” razılıq verərsə, yoldaşlıq görüşü də təşkil olunacaq.