“Açığı, “Qəbələ”nin heyətində “Neftçi”yə ən çox qol vuran futbolçu olduğumu bilmirdim”. Bunu apasport.az saytına “Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Dodo deyib.
“Qəbələ” sabah ölkə kubokunun finalında “Neftçi” ilə qarşılaşacaq. Hazırda “Qəbələ”nin heyətində yer alan Dodo və Lorentso Ebesilio “ağ-qaralar”a ən çox qol vuran futbolçulardan sayılır. Ancaq hollandiyalı legioner cari mövsüm “Neftçi”yə 3 qol vurubsa, Dodo daha əvvəlki mövsümlərdə də “Qəbələ”də çıxış etdiyindən komanda yoldaşını 1 topla (4) qabaqlayır.
Dodo bu informasiyanı bizdən eşidincə, çox sevindi: “Mən “Qəbələ”də belə bir möhür vurduğuma görə çox şadam. “Neftçi” Azərbaycanın ən güclü klublarındandır. Əvvəlki 3 mövsümdə ardıcıl olaraq ölkə çempionluğunu qazanmış komandadır. Bu xəbəri sizdən eşitmək məni oyun öncəsi daha da ruhlandırdı. Braziliyada “Flamenqo” ilə 16-17 yaşımda çempion olmuşam. Zaqreb “Dinamo”su ilə Xorvatiya çempionu olmaqla yanaşı, ölkə kubokunu qazanmışam. İndi isə “Qəbələ” ilə buna yaxınam. Bu, mənim üçün 2-ci kubokun final görüşü olacaq. “Neftçi”yə qalib gəlsək, “Qəbələ”də ilk titulumu qazanacağam. Belədə cari mövsümü uğurlu adlandırmaq olar”.
Səbuhi TOFİQOĞLU