“Belə matç məndə olmamışdı – penaltiyə səbəb oldum, öz qapımıza qol vurdum… Həmin an vəziyyət dəhşətli idi. Oyun getmirdi, özümə gəlməyi çox istəyirdim”. Apasport.az saytının məlumatına görə, bunu Moldovanın “Tiraspol” klubunun müdafiəçisi Andrey Novikov deyib.
Bu gün “İnter” Avroliqanın I təsnifat mərhələsinin cavab oyununda “Tiraspol”la qarşılaşacaq.
Tərəflərin ilk görüşündə Dnestryanı bölgə təmsilçisi “bankirlər”ə 2:3 hesabı ilə uduzdu. Bu oyunun antiqəhrəmanı isə Andrey Novikov olub. O, 8-ci dəqiqədə Baçana Sxadadzenin penaltidən hesabı açmasına səbəb olmaqla yanaşı, 71-ci dəqiqədə öz qapısına yol tapıb. Düzdür, bundan 7 dəqiqə sonra Novikovun özü qol vurmaqla, günahının bir hissəsini yuyub.
28 yaşlı futbolçu UEFA-nın saytına Bakıdakı oyun haqqında fikirlərini bildirib: “Oyunun nəticəsinə baxmayaraq, hesab edirəm ki, biz çox pis çıxış etmədik. Yaxşı ki, qol vura bildik. Bu, bir az ümumi neqativi azaltdı. Bəli, belə məğlubiyyətdən sonra növbəti mərhələyə çıxmaq şansları çox deyil, ancaq var. Bu, futboldur. “İnter” bizə 3 qol vurdu, niyə də biz eyni qaydada onlara cavab verə bilməyək? Fikrimcə, bu, realdır. Bakıda yaxşı olardı ki, mümkün qədər tez qol vuraq. Belədə ikinci qolu vurmaq üçün çox vaxtımız qalar. Güman edirəm ki, biz bunu edə bilərik. Rəqibi məğlub etmək və mərhələ keçmək tapşırığı belə qarşımıza qoyulub”.
Novikovun sözlərinə görə, onlar “İnter”in zəif cəhətlərini bilirlər: “Şənbə günündən biz gündə 2 dəfə Tiraspolda süni örtüklü qazonda məşq etmişik. Əlbəttə ki, gündüz bunu etmək çox çətindir, ancaq axşam normaldır. Meydançadan heç nə asılı olmayacaq. Əsas komanda oyununa köklənməyimiz vacibdir. Heç hara geri çəkilməməliyik. Qol vurmaq lazımdır. Ona görə də hücum və pressinq edəcəyik. “İnter” təcrübəli və yaxşı qurulmuş komandadır. Ancaq biz onların mənfi cəhətlərini bilirik və çalışacağıq ki, onlardan yararlanaq”.
Qeyd edək ki, “İnter” – “Tiraspol” oyunu saat 21:00-da başlayacaq.