“Yeni mövsüm öncəsi Aleks İonitse və Branimir Subaşiçlə yollarımızı ayırmağı düşünürük”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Orduspor” klubunun mətbuat xidmətinin rəhbəri Durmuş Karaağaç deyib.
Milli komandamızın sabiq hücumçusu Branimir Subaşiçin karyerasını “Orduspor”da davam etdirməyəcəyi tədricən təsdiqini tapmaqdadı. Ötən mövsüm son anda Superliqaya çıxa bilməyən Subaşiç maaşlarını ala bilmədiyi klubdan getmək istəyir. Onu “Boluspor” və “Bucaspor” istəyir. Bunu “Orduspor” rəsmisi də təsdiqləyib.
Karaağaç rumıniyalı və serbiyalı hücumçularla yollarını ayırmaq istəmələrini belə əlaqələndirib: “Çünki hər iki oyunçunun da aldıqları maaş yüksəkdir. Ancaq onların komandaya verdikləri faydalar müzakirə mövzusu belə ola bilməz. Biz yeni mövsümdə daha az maaş alan, amma daha çox xeyir götürəcəyimiz oyunçularla yolumuza davam edəcəyik. Məhz transferlərimizi buna uyğun etmişik. Hazırda Subaşiçi “Boluspor” və “Bucaspor” komandaları istəyir. Aleks İonitse isə hələ ki gözləyir. Bu oyunçularımızın durumları ilə bağlı idman direktorumuz Tahsin Türkmən lazımi çalışmaları aparır”.