“Rəvan” klubunun sabiq baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- “Rəvan” rəhbərliyiniz altında ürəkaçan nəticələr əldə etməsə də, istefanız gözlənilməz oldu. Gələcəkdə bu komandada böyük uğurlar qazanacağınıza əmin olmadığınızı söyləyərək, getdiniz? Yəni, hər şey bu qədər bəsitmi?
- Baş məşqçi postuna təyinatım vaxtı təşkil edilən mətbuat konfransında işlər yolunda olmayacağı təqdirdə istefa verəcəyimi demişdim. “Rəvan”a vaxt keçirtmək üçün yox, nəticə qazanmağa gəlmişdim. Ancaq uğursuz alındı. Gördüm ki, iddialı bir “Rəvan” düzəldəcək gücdə deyiləm. Ona görə də, istefa verməyi lazım bildim. Mənə qarşı heç bir təzyiq olmayıb, klubdan özüm getdim.
- Ancaq razılaşın ki, hara gəldiyinizi öncədən bilirdiniz. “Rəvan”ın heyəti də bəlli idi, təqvim də. Qış fasiləsinədək qeydə alınan nəticələrə əsasən istefa verməyiniz düz deyil, məntiqsiz görünür. Daha öncə fasilədə öz komandanızı quracağınızı və növbəti mövsüm iddialı olacağınızı söyləmişdiniz...
- Belə deyək, gördüm ki, mümkün deyil, iddialı komanda qura
bilməyəcəyəm. Belə vəziyyətdə etməli olduğum şey getmək idi.
- Niyə mümkün deyildi? Problem sizdədir, yoxsa rəhbərlikdə?
- Bu barədə çox danışmaq istəmirəm, öz sözlərimin üzərində dayanıram.
- Danışmaq istəməmək sizin haqqınızdır. Ancaq məsələn, sizdən sonra Nazim Süleymanov da “Neftçi”nin baş məşqçisi postundan istefa verdi. Lakin o, konkret səbəb göstərdi, klub rəhbərliyinin onun tələblərini yerinə yetirmədikləri üçün ayrıldığını açıqladı. Sizin də istefanızın tutarlı bir səbəbi olmalıdır, elə deyil?
- Hərənin öz fikri, hadisələrə baxışı var. Ayrılmağıma qısaca şərh verdim. Gəlin, uzağa getməyək. Bu söhbətə burada nöqtə qoymaq istəyirəm.
- Bir məsələdə var ki, Azərbaycanda, əksər hallarda məşqçilər öz
istəkləri ilə istefaya getmirlər. Ya qovulurlar, adı “öz xoşu ilə getdi olur”, ya da klub rəhbərliyi elə şərait yaradır ki, baş məşqçi postunu tərk etməyə məcbur qalır...
- Mənə elə gəlir ki, özünə hörmət edən məşqçi böyük işlər görə bilməyəcəyi yerdə qalmamalıdır, oranı tərk etməlidir. Bu addımı atdığım üçün peşman deyiləm. Düz edib, istefaya getdim.
- Bəs “Rəvan”ın təklifini qəbul etdiyinizə görə necə, peşmansınız? “Rəvan” qeyri-ciddi klubdur, orada işləmərəm” söyləyən Elxan Abdullayev haqlı çıxdı?
- Bu Elxanın fikridir. Səhvsiz insan olmur. Həyatdır, yaşayırsansa, səhv də olacaq, düz də.
- Sizin istefanızdan dərhal sonra türkiyəli Güvənc Kurtarın “Rəvan”ın
baş məşqçisi postuna təyinatı rəsmiləşdi. Klub siz istefa vermədən öncə onunla danışıq aparıb.
- Xeyr, yanvarın 1-də rəhbərliklə görüşüb, qəti fikrimi demişəm. Klubun vitse-prezidentinə bu şərtlərdə işləmək fikrində olmadığımı, kluba xeyir verə bilmirəmsə, getmək istədiyimi söyləmişəm. Ayın 2-də isə yeni məşqçi ilə danışıqlara başlanılıb. Söhbət bu cür olub.
- Rəhbərlik qalmağınız üçün təki etdi?
- Bildirilər ki, klub prezidenti “başını aşağı salıb, işimi görsün” söyləyib. Ancaq dedim ki, yox, qərar vermişəmsə, demək, bu addımı fikirləşib atmışam.
- “Rəvan”da işlədiyiniz bu qısa müddəti karyeranız üçün zərbə hesab edirsiniz?
- Uğursuzluq varsa, səbəblər də var. Bu məndən də asılı ola bilər, kənar problemlər də. Ayrıldığım yer barədə pis danışmaq mənə görə deyil. Yediyim yeməyə heç vaxt pis deməmişəm, deməyəcəyəm də. Heç kimdə günah görmürəm. Yolun yarısından qayıtmaq da xeyirdir. Ancaq imicimə xələl gətirmək baxımından haqlısınız, mənim üçün yaxı olmadı.
“Özünə hörmət edən məşqçi orada qalmamalıdır” - MÜSAHİBƏ
09.01.2014 - 12:12
0
0